İQTİSADİYYAT
KOBİA-nın sədri Orxan Məmmədov "AmCham"ın üzvləri ilə görüşüb
Bakı, 21 dekabr, AZƏRTAC
Azərbaycanda Amerika Ticarət Palatası ("AmCham Azərbaycan") üzvləri üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) idarə heyətinin sədri Orxan Məmmədovun iştirakı ilə aylıq işgüzar nahar təşkil edib.
"AmCham"dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə Orxan Məmmədov KOBİA-nın fəaliyyəti, kiçik və orta biznesin inkişafı istiqamətində tətbiq olunan yeni dəstək mexanizmləri barədə məlumat verib. Qeyd olunub ki, sahibkarlığın, o cümlədən kiçik və orta biznesin inkişafı Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilən siyasətin prioritetlərindəndir. Dövlət başçısının müvafiq Fərmanı ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin yaradılması ölkəmizdə kiçik və orta biznesin inkişafında yeni mərhələ açıb. Agentlik tərəfindən kiçik və orta biznesin inkişafı məqsədilə bir sıra layihələr həyata keçirilir, yeni idarəetmə modelləri tətbiq olunur. KOBİA-nın fəaliyyəti mikro, kiçik və orta sahibkarların maraqlarının müdafiəsinə, onlara bütün zəruri xidmətlərin peşəkarlıqla və rahat formada göstərilməsinə, dəstəyin ünvanlılığının və əhatə dairəsinin genişləndirilməsinə, sahibkarlara göstərilən xidmətlərin əlaqələndirilməsinə yönəldilib. "KOB evləri"nin, "KOB Dostu" şəbəkəsinin, "KOB inkişaf mərkəzləri"nin, dövlət-özəl tərəfdaşlığı inkişaf mərkəzinin, "KOB inkişaf fondlar"ının yaradılması agentliyin mühüm layihələrindəndir. Orxan Məmmədov mütərəqqi təcrübələrin nəzərdən keçirilməsinin əhəmiyyətinə toxunaraq "AmCham"ın bu baxımdan maraqlı tərəfdaş qismində çıxış etdiyini bildirib.
"TuranBank"ın Qadın Bankçılıq Mərkəzinin rəhbəri Könül Paşa bankın korporativ profili, hazırda davam edən və planlaşdırılan layihələri barədə məlumat verib.
"AmCham Azərbaycan"ın prezidenti Nuran Kərimov palatanın Azərbaycanın Biznes Mühitinin Təkmilləşdirilməsi üzrə Müşahidə və Tövsiyələri özündə əks etdirən "AmCham" Ağ Sənədinin 2018-ci il nəşrini təqdim edib. O, hazırlıq prosesinə ən çox töhfə verən "AmCham" üzvlərini xüsusi təşəkkürnamələrlə təltif edib.
Diplomatik korpusun nümayəndələri də daxil olmaqla tədbirdə 150-dən çox qonaq iştirak edib.
Qeyd edək ki, "AmCham Azərbaycan" üzvlərinin işgüzar naharı palata tərəfindən hər ay təşkil olunur və burada yüksək vəzifəli hökumət rəsmiləri, Azərbaycan parlamentinin üzvləri və diplomatik korpusun nümayəndələri iştirak edirlər. Azərbaycanda Amerika Ticarət Palatası xarici və yerli biznesin maraqlarını dəstəkləyən və təşviq edən özəl, qeyri-kommersiya əsaslı aparıcı ticarət-sənaye assosiasiyasıdır. 1996-cı ildə yaradılmış "AmCham" ölkə iqtisadiyyatının hər sektorunda fəaliyyət göstərən 280-dən çox üzv və köməkçi şirkəti özündə birləşdirir. Palata ölkədə bütün xarici investisiyaların təxminən 80 faizini, eləcə də yerli investisiyaların mühüm hissəsini təmsil edir.