İQTİSADİYYAT


KOBİA qadın sahibkarlığına dair onlayn forumda iştirak edib

Bakı, 25 noyabr, AZƏRTAC

“Qlobal sahibkarlıq həftəsi” çərçivəsində noyabrın 25-də “Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası” İctimai Birliyinin təşkilatçılığı, müvafiq dövlət qurumlarının və diplomatik korpusun nümayəndələrinin, bir sıra ölkələrdən olan qadın sahibkarların iştirakı ilə “Üfüqdə yeni fürsətlər: Qadın sahibkarlara yaşıl işıq” mövzusunda üçüncü forum keçirilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a bildirilib ki, onlayn tədbirdə qurumun idarə heyətinin sədri Orxan Məmmədov COVID-19 pandemiyası səbəbindən dünyada sosial-iqtisadi fəallığın məhdudlaşması və bunun ölkəmizə təsirləri, eləcə də Azərbaycanın qələbəsi ilə başa çatmış İkinci Qarabağ müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad olunması ilə əlaqədar qarşımızda yeni vəzifələr dayandığını deyib. Vurğulanıb ki, hazırda qlobal səviyyədə və ölkəmizdə qadın sahibkarlığın iqtisadiyyatda rolu artmaqdadır və qadınlar kiçik biznes yaratmağa, özünüməşğulluğa daha çox maraq göstərirlər. KOBİA-nın fəaliyyətində qadın sahibkarlığının inkişafı hər zaman prioritet istiqamətlərdən olub. Agentlik tərəfindən qadın sahibkarlığının inkişafının təşviq edilməsi, kiçik və orta sahibkarlar arasında qadınların sayının daha da artırılması və bu məqsədlə müvafiq dəstək mexanizmlərinin yaradılması istiqamətində zəruri tədbirlər həyata keçirilir. Qadın sahibkarlığının inkişafı tədbirləri onlarla sıx əməkdaşlıq şəraitində, bu məqsədlə yaradılmış dövlət-sahibkar əməkdaşlığı platformaları əsasında reallaşdırılır. Bu baxımdan KOBİA yanında fəaliyyət göstərən İctimai Şuranın imkanlarından geniş istifadə edilir, şurada Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası da fəal təmsil olunur. KOBİA tərəfindən qadınların sahibkarlıq, bu sahədə yeniliklər, dəstək mexanizmləri barədə məlumatlandırılması, onların fikir və təkliflərinin öyrənilməsi üçün mütəmadi olaraq təşkil etdiyi maarifləndirici tədbirlərdə iştirakçıların 30 faizini qadın sahibkarlar təşkil edib. Agentliyin struktur bölmələri olan və sahibkarların bilik və bacarıqlarının artırılmasına xidmət edən KOB inkişaf mərkəzləri vasitəsilə qadınların biznesə və özünüməşğulluğa cəlb edilməsi istiqamətində müxtəlif tədbirlər görülməkdədir və artıq bir sıra uğurlu nəticələr də mövcuddur.

O.Məmmədov qeyd edib ki, qadın sahibkarlığının inkişafı məqsədilə layihə və proqramlar hazırlanan zaman, xüsusilə kənd yerlərində qadın məşğulluğu məsələsi diqqət mərkəzində saxlanılır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, “Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası” İctimai Birliyinin sədri Səkinə Babayeva və qadın sahibkarlar çıxışlarında ölkəmizdə qadın sahibkarlığı və bu sahədə görülən işlər, dünyada qadın sahibkarlığının inkişafı və əməkdaşlıq imkanları barədə məlumat verib, müxtəlif təkliflər səsləndiriblər. Onlayn tədbir çərçivəsində, həmçinin Azərbaycanda qadın sahibkarlığına dair film nümayiş olunub və panel müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.