KOBİA sahibkarlara ödənişsiz biznes təlimlərindən faydalanmaq imkanı yaradır
AzerTAg.az

Bakı, 6 fevral, AZƏRTAC
Sahibkarlar biznes sahəsində təlimlərə, bilik və bacarıqlara olan ehtiyaclarını videotəlim platforması vasitəsilə qarşılaya bilərlər.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a bildirilib ki, platformada hər biri 20 mövzudan ibarət olmaqla, 180 təlim videosu yerləşdirilib. Videotəlimlər biznesə başla, korporativ hüquq, layihə idarəetməsi, maliyyə, satış, marketinq, turizm, ixrac prosesinin təşkili və sair mövzuları əhatə edir. Platformada təlim mövzularının təqdimatları, eləcə də müvafiq özünüqiymətləndirmə testləri və təlimçilər barədə məlumatlar da öz əksini tapıb.
Qeyd edək ki, videotəlim platforması sahibkarların təlim imkanlarının və biznes sahəsində qabaqcıl təcrübənin tətbiqinin genişləndirilməsi məqsədilə innovativ yanaşmaya və müasir təcrübəyə əsaslanmaqla KOBİA tərəfindən yaradılıb. Platformanın əsas üstünlükləri istifadəçinin yaşadığı yeri tərk etmədən, istədiyi vaxtda və istədiyi yerdən təlimləri izləmək imkanıdır. Digər bir üstünlük isə platformadan istifadənin ödənişsiz olmasıdır. İndiyədək onlayn təlim platformasından mindən çox sahibkar, startap və biznesə başlamaq istəyən şəxslər yararlanıb.
Videotəlimlərdən “www.kobim.az ” saytında qeydiyyatdan keçməklə faydalanmaq olar.
Xəbərin mətnində orfoqrafik səhv var