İQTİSADİYYAT
KOBİA: “www.kobmarket.az” istifadəçilərinin sayı artır
Bakı, 17 iyul, AZƏRTAC
Bir ay ərzində “www.kobmarket.az” portalında 55 sahibkarlıq subyekti qeydiyyatdan keçərək onlayn mağazasını yaradıb.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a bildirilib ki, sahibkarlar tərəfindən portala 700 adda məhsul yerləşdirilib. Portal sahibkarların, xüsusilə də mikro və kiçik biznes subyektlərinin onlayn satış imkanlarının genişləndirilməsi və məhsullarını geniş alıcı auditoriyasına tanıtması məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə yaradılıb. Portalda istifadəçilər üçün vahid ödəniş sistemindən və çatdırılma xidmətlərindən istifadə imkanı mövcuddur. Qeydiyyat prosesi sadədir, sahibkar satışa dair zəruri məlumatları hesabat şəklində portaldan əldə edə bilir. Sahibkarlar “www.kobmarket.az” elektron ticarət portalında qeydiyyatdan keçməklə qısa müddət ərzində onlayn mağazasını aça və məhsullarını burada yerləşdirməklə satış imkanlarını genişləndirə bilərlər.