REGİONLAR
“KOB könüllüləri” Qəbələdə maska və əlcək paylayıblar
Bakı, 22 may, AZƏRTAC
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Qəbələ-Oğuz “KOB Dostu” ofisinin və Qəbələ Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllüləri Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin başlatdığı "Bir-birimizi qoruyaq" kampaniyası çərçivəsində rayonda xidmət, ticarət və sənaye sahəsində fəaliyyət göstərən sahibkarlara qoruyucu maska və əlcək paylayıblar.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, ölkəmizdə koronavirus (COVID-19) pandemiyasının yayılmasına qarşı həyata keçirilən sosial izolyasiya tədbirlərinə dəstək məqsədilə təşkil olunmuş aksiya çərçivəsində müəssisə və ictimai iaşə obyektləri ilə yanaşı, əhalinin daha çox toplaşdığı yerlərdə vətəndaşlara da qoruyucu vasitələr təqdim edilib. Ümumilikdə, aksiya çərçivəsində indiyədək “KOB könüllüləri” və Qəbələ Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllüləri tərəfindən 250-dək sahibkar və vətəndaşa maska ilə əlcək paylanılıb.
Həmçinin könüllülər Nazirlər Kabineti yanında Operativ Qərargahın və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi qaydalara əməl etməklə özlərinin və yaxınlarının sağlamlıqlarını qoruya biləcəklərini bir daha sahibkarların və vətəndaşların diqqətinə çatdırıb, onlara maarifləndirici bukletlər təqdim ediblər. Aksiya may ayının sonunadək davam edəcək.
Könüllülərin bu nəcib aksiyası Qəbələ sakinləri tərəfindən maraqla qarşılanıb.