İQTİSADİYYAT


“KOB könüllüləri” ölkəmizdə könüllülər hərəkatına öz töhfəsini verir

Bakı, 28 yanvar, AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 2020-ci il ölkəmizdə “Könüllülər ili” elan edilib. Respublikamızın hər bölgəsinə, ictimai həyatın müxtəlif sahələrinə yayılaraq cəmiyyətimizin bütün təbəqələrini əhatə edən, ölkə gənclərinin həyat tərzinə çevrilmiş könüllülər hərəkatına öz töhfəsini verən qurumlardan biri də Kiçik və Orta Biznesin İnkişafı Agentliyidir (KOBİA). Bu gün ölkədə fəaliyyət göstərən müxtəlif könüllü hərəkatları arasında KOBİA-nın “Kiçik və Orta Biznes Könüllüləri” (“KOB könüllüləri”) xüsusilə seçilir. Agentlik 2018-ci ildən könüllülərlə aktiv işləyərək könüllülər hərəkatına öz töhfəsini verən qurumlar sırasındadır.

Agentlikdə "KOB Könüllüləri Proqramı" həyata keçirilir, “Könüllü Şurası” fəaliyyət göstərir. Proqramın məqsədi gənclərin dünyagörüşlərinin genişləndirilməsi, bilik və bacarıqlarının artırılması, gənclərə peşəkar əmək fəaliyyətinə başlayanadək əmək vərdişlərinin aşılanması, sahibkarlara dəstək məqsədilə gənc mütəxəssislərin və tələbələrin sahibkarlığa könüllü olaraq cəlb edilməsinin təşviqidir. “KOB könüllüləri Proqramı”nda iştirak 2 ay nəzərdə tutulur. Könüllü gənclər agentliyin aparatında və regionlarda yerləşən “KOB Dostu” ofislərində könüllü fəaliyyətinə cəlb edilir. KOBİA-da könüllülük fəaliyyətini uğurla başa vuran gənclərə sertifikatlar verilir.

Hazırda agentlikdə və “KOB Dostu” ofislərində 30-dan çox gənc könüllü fəaliyyətinə cəlb olunub. Onların əksəriyyəti iqtisadiyyat, biznes, idarəetmə sahəsində müxtəlif ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan gənclərdir. İndiyədək isə “KOB könüllüləri Proqramı”ndan 100-dək gənc faydalanıb.

Könüllülər KOBİA-nın struktur bölmələrinin gündəlik iş prosesində yaxından iştirak edir, o cümlədən agentliyə müraciət edən mikro, kiçik və orta sahibkarların müraciətlərinin qeydiyyata alınması, tədbirlərin təşkilinə cəlb olunurlar. Fəaliyyət dövrləri ərzində könüllülər agentliyin təşkilatçısı olduğu bir sıra yerli və beynəlxalq səviyyəli tədbirlərdə təşkilat komandasının tərkibində iştirak edir, eləcə də fərdi inkişaf, karyeranın planlaşdırılması və sair mövzularda müxtəlif təlim və seminarlara qatılırlar. Könüllü fəaliyyətinin fəlsəfəsi, karyeranın inkişafı, həmçinin iş prosesində könüllülər üçün faydalı olacaq müxtəlif məlumatların təqdim olunduğu belə təlimlərdə gənclər könüllülük haqqında fikirlərini bölüşür, kreativ təşəbbüslərlə çıxış edirlər. Könüllülərin asudə vaxtının səmərəli təşkili məqsədilə agentlikdə “Könüllü kitabxana”sı fəaliyyət göstərir, “KOB könüllüləri” müxtəlif düşərgələrə də qatılırlar. “Könüllü kitabxana”sına KOBİA-nın əməkdaşları tərəfindən iqtisadiyyat, sahibkarlıq, idarəetmə və digər sahələrə dair müxtəlif kitablar təqdim olunub. “KOB könüllüləri” arasında elmi məqalə müsabiqələrində yaxşı nəticələr əldə etmiş gənclər də var.

“KOB könüllüləri Proqramı”na qoşulmaq çox asandır. Bunun üçün yalnız KOBİA-nın “www.smb.gov.az” rəsmi internet səhifəsindəki “KOB könüllüsü ol” bölməsində qeydiyyatdan keçmək lazımdır (“http://smb.gov.az/volunteer”). Bu bölmə vasitəsilə daxil olan bütün müraciətlər dəyərləndirilir və gənclər agentlikdə könüllü fəaliyyətinə cəlb olunurlar.

Tələbə, magistr, eləcə də müxtəlif ali və orta ixtisas təhsili müəssisələrinin məzunları “KOB könüllüləri Proqramı”na böyük maraq göstərirlər. “KOB könüllüsü ol” bölməsinə gün ərzində xeyli sayda müraciət daxil olur. Bu isə proqramın gənclər tərəfindən maraqla qarşılanmasından, agentlikdə könüllülük müddətinin səmərəli və məhsuldar təşkilindən xəbər verir.

Könüllülük fəaliyyəti müddətində gənclər müvafiq təcrübə əldə etməklə karyera imkanlarını genişləndirir və uğurla əmək bazarına daxil olurlar. “KOB könüllüsü” olmuş bir sıra gənclər dövlət və özəl müəssisələrdə, o cümlədən KOBİA-da əmək fəaliyyətinə başlayıblar.

Ötən il KOBİA-da könüllü kimi fəaliyyət göstərən, hazırda isə agentliyin əməkdaşı olan Lamiyə Çobanzadə belə gənclərdəndir. “Universitetin magistr pilləsində təhsil alarkən KOBİA-da könüllü proqramı barədə eşitdim və proqrama qoşulmaq üçün müraciət etdim. Könüllülük müddətində yeni bilik və bacarıqlara, xüsusilə də sahibkarlıq fəaliyyəti və biznes mühiti ilə bağlı məlumatlara yiyələndim. Bir neçə aydır ki, bu gənc kollektivin üzvüyəm”, - deyə o bildirir.

Digər “KOB könüllüsü” Rəşad Mansurov isə 2020-ci ildə - “Könüllülər ili”ndə KOBİA-da fəaliyyətə başlayıb. Rəşadın sözlərinə görə, hələ könüllü kimi fəaliyyət göstərdiyi müddətdə agentlikdə çalışmaq arzusunda olub.

“Hazırda KOBİA-nın İnnovasiya, tədris və konsaltinq departamentində çalışıram. Agentliyin təcrübəli kollektivindən KOB-ların maarifləndirilməsi, təlim-tədris prosesi barədə müxtəlif biliklər öyrənirəm. “Könüllülər ili”ndə könüllü olduğum qurumda işə başlamağım mənim üçün ikiqat sevinc oldu. Agentlikdə könüllülərə hər zaman xoş münasibət göstərilir”, - deyə o qeyd edir.

2020-ci ildə KOBİA-da könüllülük fəaliyyətinin daha da genişləndirilməsi, bu istiqamətdə bir sıra layihələrin və tədbirlərin reallaşdırılması nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.