İQTİSADİYYAT
KOB-lar “Kapital bazarları vasitəsilə maliyyələşdirmə” mövzusunda maarifləndirilib
Bakı, 23 avqust, AZƏRTAC
Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) konsaltinq, qida və xidmət sahələrində fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlar, o cümlədən gənc və qadın sahibkarlar, sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün “Kapital bazarları vasitəsilə maliyyələşdirmə” mövzusunda seminar keçirilib.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, Agentlik və Maliyyə Bazarlarına Nəzarət Palatasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə KOB subyektləri müasir dövrün tələblərinə uyğun innovativ sahiblik düşüncə tərzinin inkişaf etdirilməsi, alternativ maliyyə mənbələri və onlara çıxış imkanları, bu sahədə beynəlxalq təcrübə barədə məlumatlandırılıb, mövzuya dair müxtəlif təqdimatlar keçirilib.
Seminar çərçivəsində biznesin qurulması və inkişaf etdirilməsi üçün kapital ehtiyacı və mövcud maliyyələşmə mənbələri, Bakı Fond Birjasında listinqin üstünlükləri, Listinq Məsləhət Proqramına qoşulma, eləcə də mövzu ilə bağlı KOB-ları maraqlandıran digər məsələlər ətrafında müzakirələr aparılıb, sahibkarların sualları cavablandırılıb.
Qeyd edək ki, mikro, kiçik və orta biznes subyektləri üçün “ömürboyu öyrənmək” imkanlarının təmin edilməsi məqsədilə KOBİA tərəfindən dövlət və özəl qurumlarla birgə əməkdaşlıq çərçivəsində mütəmadi olaraq təlim, seminar və treninqlər təşkil olunur, sahibkarlar maarifləndirilir.