İQTİSADİYYAT
KOB subyektlərinin maliyyə bazarlarına çıxışına dair müzakirələr aparılacaq
Bakı, 12 noyabr, AZƏRTAC
Noyabrın 14-də Bakı Biznes Mərkəzində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın təşkilatçılığı ilə “Kiçik və orta biznes subyektlərinin maliyyə bazarlarına çıxışında şəffaflıq: mövcud vəziyyət və perspektivlər” mövzusunda forum keçiriləcək.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, agentliyin, müxtəlif bankların, bank olmayan kredit təşkilatlarının, kredit ittifaqlarının, eləcə də Mərkəzi Bankın, Maliyyə Bazarlarına Nəzarət Palatasının, Azərbaycan Banklar Assosiasiyasının nümayəndələrinin iştirakı ilə təşkil olunacaq forumda sahibkarların maliyyə bazarlarına çıxışı ilə bağlı aktual məsələlər, maliyyə təşkilatları tərəfindən göstərilən xidmətlər, dövlət və özəl qurumların təqdim etdiyi mövcud və alternativ maliyyələşdirmə mexanizmləri ilə bağlı ictimai müzakirələr aparılacaq.
Tədbir çərçivəsində, həmçinin müxtəlif maliyyə təşkilatlarının mikro, kiçik və orta sahibkarlıq subyektlərinə təqdim etdiyi xidmətlərin sərgisi təşkil olunacaq.