SİYASƏT
KOFİ ANNAN BMT-NİN GÜRCÜSTANDAKI MİSSİYASININ MÜDDƏTİNİ ALTI AY DA UZATMAĞI TÖVSİYƏ EDİR
BMT-nin Tbilisidəki ofisində jurnalistlərə bildirilmişdir ki, BMT-nin Baş katibi Kofi Annan Gürcüstan barədə məruzəsini BMT Təhlükəsizlik Şurasına göndərərək, beynəlxalq təşkilatın bu ölkədəki missiyasının müddətinin daha altı ay, yəni 2004-cü il yanvarın 31-dək uzadılmasını tövsiyə etmişdir.
AZƏRTAC müxbirinin verdiyi xəbərə görə, Baş katibin məruzəsində deyilir ki, “Abxaziyanın Gürcüstan dövləti çərçivəsində gələcək statusu və təhlükəsizliyə təminat məsələlərində nəzərəçarpacaq tərəqqi əldə etmək hələlik mümkün olmamışdır”. Məruzədə gürcü-abxaz münaqişəsinin nizama salınması üçün BMT-nin son aylar gördüyü tədbilər, müşahidəçilərin Gürcüstanda fəaliyyəti və onlarla MDB-nin kollektiv sülhyaratma qüvvələri arasında əməkdaşlıq haqqında da məlumat verilir.
Gürcüstan parlamentinin müdafiə və təhlükəsizlik komitəsinin rəhbəri İrakli Batiaşvili jurnalistlərlə görüşündə BMT-nin ölkədəki missiyasının müddətinin uzadılması təklifini alqışladığını söyləmişdir.