DÜNYA
KOFİ ANNAN İSRAİLİ BMT ƏMƏKDAŞLARININ HƏYATINI TƏHLÜKƏYƏ MƏRUZ QOYAN HƏRƏKƏTLƏRİ DAYANDIRMAĞA ÇAĞIRMIŞDIR
AZƏRTAC-ın Sinxua agentliyindən aldığı xəbərə görə, BMT-nin baş katibi Kofi Annan sentyabrın 28-də yayılmış bəyanatında İsrail hökumətini BMT qurumları və əməkdaşlarının təhlükəsizliyinə qorxu törədən bütün hərəkətlərin dayandırılması üçün tədbirlər görməyə çağırmışdır.
Baş katibin sözlərinə görə, son vaxtlar İsrail ordusu BMT-nin Orta Şərqdəki müvafiq qurumlarına qarşı dəfələrlə hərbi xarakterli hərəkətlər etmişdir ki, bu da onların əməkdaşlarının həlak olmasına və yaralanmasına gətirib çıxarmışdır. K.Annan bununla əlaqədar ciddi narahatlıq keçirdiyini bildirmiş və İsraildən BMT-nin müvafiq qurumlarının və onların əməkdaşlarının təhlükəsizliyinin təmin olunması üçün bu cür hərəkətlərə dərhal son qoymağı tələb etmişdir.
Bəyanatda deyilir ki, sentyabrın 22-də BMT-nin Qəzzədə qaçqınlar üçün açdığı məktəbdə 10 yaşlı fələstnli qız, sentyabrın 27-də yenə orada 55 yaşlı fələstinli kişi İsrail hərbçilərinin atəşi nəticəsində həlak olmuşlar. Elə həmin gün BMT-nin əməkdaşı da güllə yarası almışdır.