CƏMİYYƏT


KOICA Azərbaycanda növbəti təlim proqramı keçirir

Bakı, 17 noyabr, AZƏRTAC

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) noyabrın 11-17-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 13 rəsmisi üçün “Selektiv abortların qarşısının alınmasına dair Koreya siyasətinin öyrənilməsi” mövzusunda ölkə üzrə spesifik təlim proqramı keçirir.

KOICA-dan AZƏRTAC-a bildirilib ki, təlim proqramının keçirilməsi 3 il müddətinə planlaşdırılıb və bu, proqramın ilk ilidir.

Bu il COVID-19 pandemiyasının qlobal müstəvidə geniş vüsət alması və bundan irəli gələn profilaktik tədbirlər səbəbindən təlimin onlayn formatda keçirilməsinə qərar verilib.

Təlim proqramının əsas məqsədləri Azərbaycanda qadın məsələləri ilə məşğul olan dövlət qurumları rəsmilərinin selektiv abortların qarşısının alınması və ailə planlaşdırması mövzusundakı biliklərinin artırılması, onların qadınların cinsi və reproduktiv sağlamlığı və hüquqları ilə bağlı siyasət hazırlama və tətbiqetmə qabiliyyətlərinin gücləndirilməsidir.

Təlimin icraçısı Şinhan Universitetidir. Beşgünlük təlim proqramı çərçivəsində iştirakçılar Koreya Respublikasında abortun qarşısının alınması və praktiki tətbiqi, qadınların cinsi və reproduktiv sağlamlığının yaxşılaşdırılmasına dair vahid yanaşma, Koreyada gender bərabərliyi siyasəti, sağlamlıq problemləri, qadınların abort etməsinin qarşısının alınması və digər mövzularla yaxından tanış olurlar.

Proqram iştirakçıları bu sahədə ölkəmizdəki selektiv abortlarla əlaqəli cari vəziyyət və tətbiq olunan siyasət barədə məlumatları özündə ehtiva edən hesabat hazırlayacaq. Bundan başqa, təlim proqramının iştirakçıları koreyalı professorların rəhbərliyi ilə Fəaliyyət Planı hazırlayacaqlar. Bu plan proqram iştirakçıları üçün ölkə hesabatında müəyyən edilmiş məsələlərin həll yollarının tapılmasında əsas sənədlərdən biri olacaq.

Qeyd edək ki, KOICA inkişaf etməkdə olan ölkələr üçün qrant və əməkdaşlıq proqramlarını həyata keçirmək məqsədilə dövlət agentliyi olaraq 1991-ci ilin aprel ayında Koreya Respublikası Xarici İşlər Nazirliyinin nəzdində yaradılmışdır. KOICA 1994-cü ildən etibarən Azərbaycan dövlət rəsmiləri üçün müxtəlif təlim və təqaüd proqramları təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.