ELM VƏ TƏHSİL


KOICA Azərbaycanlı Məzunlar Assosiasiyasının illik fəaliyyətinə dair görüş

Bakı, 19 noyabr, AZƏRTAC

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) və KOICA Azərbaycanlı Məzunlar Assosiasiyası (KOAZ) noyabrın 19-da illik fəaliyyətinin nəticələrinə dair görüş təşkil edib.

KOICA-dan AZƏRTAC-a bildirilib ki, görüşə Azərbaycanın müvafiq nazirlik və dövlət qurumlarından Koreyada KOICA-nın təlim proqramlarında iştirak etmiş 30-a yaxın nümayəndə qatılıb.

Tədbirdə bildirilib ki, KOICA Azərbaycanda insan resurslarının inkişafı üçün müxtəlif növ təlim proqramları təşkil edir. Bu günə kimi KOICA-nın təlim proqramlarında 830-dan çox dövlət rəsmisi iştirak edib. Koreyada qazandıqları biliklərin Azərbaycanın inkişafına töhfə vermək, həmçinin müxtəlif növ fəaliyyətlər vasitəsilə iki ölkə arasında əməkdaşlıq əlaqələrini inkişaf etdirmək məqsədilə 2010-cu ildə KOICA Azərbaycanlı Məzunlar Assosiasiyası yaradılıb.

Diqqətə çatdırılıb ki, görüşün məqsədi il ərzində icra olunmuş fəaliyyətlərə dair məlumatları, “CIAT-Paylaşımdır” proqramının qalibləri olan iki layihənin nəticələrini paylaşmaq və təlim məzunlarının Koreyaya dair təcrübələrini bölüşmək, KOAZ-ın gələcək tədbirlərində əməkdaşlıq üçün mümkün imkanları müzakirə etməkdir.

Qeyd olunub ki, KOAZ il ərzində bilik mübadiləsi proqramından tutmuş ictimai məlumatlandırma kampaniyasına qədər bir sıra mühüm tədbirlər həyata keçirib. 2021-ci ildə 17 dövlət rəsmisi üçün “Rəqabət hüququ və bazar iqtisadiyyatının inkişafı” və “Təbii fəlakətlərə qarşı erkən xəbərdarlıq sistemi” mövzularında iki qlobal təqaüd proqramı təşkil edib. Üç qurumda isə təlim proqramı təşkil olunub və bu qurumlardan ümumilikdə 53 dövlət rəsmisi onlayn qaydada qısamüddətli kurslarda iştirak edib. KOICA bu illər ərzində müxtəlif qrant yardımı proqramları vasitəsilə Azərbaycanın sosial-iqtisadi inkişafında fəal iştirak edib. 2020-ci ilə qədər KOICA-nın Azərbaycana ayırdığı qrant rəsmi inkişaf yardımının ümumi məbləği təxminən 65 milyon ABŞ dolları təşkil edir.

Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri və KOICA Azərbaycanlı Məzunlar Assosiasiyasının sədri Vəfa Yaqublu azərbaycanlı dövlət qulluqçuları üçün təlimlərin keçirilməsinə dəstək olduğuna görə Koreya hökumətinə minnətdarlığını bildirib. O, KOICA məzunlarının iki xalq arasında əlaqələrin genişləndirilməsində və gücləndirilməsində birlikdə səylə çalışacaqlarını qeyd edib.

“CIAT-Paylaşımdır” proqramının qalibi olan Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin müəllimi Tural Abbasov bildirib ki, “Sahibkar qadınların vergi biliklərinin artırılması” layihəsi Qusar, Zaqatala, Gəncə, Sabirabad və Şamaxıda sahibkar qadınları vergi mövzusunda maarifləndirəcək. Belə ki, təlimlər sahibkar qadınlara vergi qanunvericiliyi, vergi öhdəliklərini anlamaqda onlara kömək etməklə yanaşı, vergi bəyannamələrini necə hazırlamalı olduqlarını da öyrədəcək.

Müsabiqənin ikinci qalibi olan Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin baş məsləhətçisi İlham Salmanov tərəfindən təklif olunan “Elektron xidmətlər üzrə rəqəmsal savadlılıq” layihəsi maarifləndirmə yolu ilə Gəncə, Quba, Masallı, Şamaxı bölgələrində elektron xidmətlərin əhatə dairəsini genişləndirməyi və istifadəsi ilə bağlı məlumatlılığı artırmağı hədəfləyir.

Sonda iştirakçılar müxtəlif təklif və ideyalar irəli sürüb və fikir mübadiləsi aparıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.