ELM VƏ TƏHSİL


KOICA-nın magistr dərəcəsi üzrə təqaüd proqramının qalibləri üçün təqdimat görüşü keçirilib

Bakı, 2 avqust, AZƏRTAC

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycan Nümayəndəliyi avqustun 2-də KOICA-nın magistr dərəcəsi üzrə təqaüd proqramının qalibləri üçün təqdimat görüşü keçirib.

AZƏRTAC xəbər verir ki, KOICA Təqaüd Proqramı Koreya Respublikası Hökuməti tərəfindən KOICA-nın tərəfdaş ölkələrinə təqdim olunan tam maliyyələşdirilən təqaüd proqramlarından biridir.

Tədbir KOICA Azərbaycan Nümayəndəliyinin ölkə üzrə direktoru Moon Jong Hyun təbrik nitqi ilə başlayıb. O, KOICA təqaüd proqramı iştirakçılarına həm Koreya cəmiyyətinin adət-ənənələrini, həm də Koreyanın iqtisadi, sosial nailiyyətləri ilə yaxından tanış olmalarını tövsiyə edib və iştirakçıların Azərbaycanda müvafiq sahələrin inkişaf etdirilməsində və ölkələrimiz arasındakı münasibətlərin möhkəmlənməsində mühüm rol oynayacaqlarına əmin olduğunu bildirib.

Bu il Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, SOCAR və digər dövlət qurumlarından ümumilikdə 8 (səkkiz) dövlət rəsmisi KOICA təqaüdü ilə təltif edilib. Onlar KAIST Universiteti, Seul Dövlət Universiteti, Sungkyunkwan Universiteti, Koreya Universiteti, Kangwon Milli Universiteti, Seul Universiteti, Koreya İnkişaf İnstitutu kimi təhsil müəssisələrində Dövlət İdarəçiliyi, Sosial İqtisadiyyat, Dövlət İdarəçiliyi və Dövlət Sektorunda İslahatlar, Maliyyə və Vergi Siyasəti, Kənd Təsərrüfatı İqtisadiyyatı, Şəhərsalma və Regional İnkişaf Siyasəti, İqtisadi İnkişaf Siyasəti adlı magistr dərəcəsi üzrə proqramlarda təhsil alacaqlar. Təqaüd proqramları olduqca rəqabətlidir, çünki namizədlər 44 xarici KOICA ofislərindən qlobal əsasda yarışırlar.

KOICA Azərbaycan Nümayəndəliyi iştirakçılara təqaüd proqramı, gediş və çatma logistikası, KOICA-nın qaydaları, həmçinin Koreya və Azərbaycan arasında olan mədəni fərqliliklər və oxşarlıqlar barədə məlumat verib.

KOICA Təqaüd Proqramının öncəki illər üzrə məzunları olan KAIST Universitetinin məzunu Tural Verdiyev və Aju Universitetinin məzunları Pərvanə Abbasova və Vüqar Cabbarov təqdimat görüşünə qoşularaq təqaüd qazanmış qaliblərə Koreya universitetlərindən əldə etdikləri təcrübə, ölkənin mədəniyyəti və yaşam tərzi barədə məlumat veriblər.

Təqaüdün qalibləri isə öz növbələrində KOICA və Koreya hökumətinə minnətdarlıqlarını bildirib, Koreyada təhsil aldıqdan sonra qazandıqları təcrübə ilə Azərbaycana sosial və siyasi islahatlar gətirəcəklərini vəd ediblər.

Qeyd edək ki, KOICA İnsan Resurslarının İnkişafı (HRD) üçün müxtəlif növ təlim proqramları təşkil edir. Azərbaycana təklif olunan təlim proqramlarının növləri əsasən qlobal təlimlər, ölkə üzrə təlimlər və magistr proqramlarıdır. Bu günə kimi KOICA-nın HRD proqramlarında 830-dan çox dövlət rəsmisi iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.