DÜNYA
KOLİN PAUELL KİŞİNYOVU VƏ TİRASPOLU VAXT İTİRMƏDƏN DANIŞIQLARI DAVAM ETDİRMƏYƏ ÇAĞIRMIŞDIR
Bununla belə, bölgədə moldovan məktəbləri ilə əlaqədar vəziyyət getdikcə gərginləşir - Tiraspolun hakimiyyət orqanları Rıbnitsada daha bir məktəbi bağlamışlar. Bunun cavabında Moldova hökuməti avqustun 1-dən Dnestryanı bölgəyə qarşı sanksiyalar tətbiq olunması barədə qərar qəbul etmişdir. Sənəddə deyilir ki, ”əgər Tiraspol göstərilən müddətdə təhlükəsizlik zonasında vəziyyətin qaydaya salınmasını, vətəndaşların, malların və xidmətlərin sərbəst hərəkətini təmin etsə, habelə moldovan məktəblərinə normal işləməyə imkan versə, sanksiyalar tətbiq olunmayacaqdır”.
Münaqişə ona görə kəskinləşmişdir ki, bölgənin hakimiyyət orqanları iyul ayında latın əlifbası ilə dərs keçilən altı moldovan məktəbinin dördünü bağlamışlar. Bu məktəblər tanınmamış “respublikada” qeydə alınmaqdan imtina etmişlər. Buna cavab olaraq, Kişinyov Dnestryanı bölgədə vəziyyətin nizama salınmasına dair danışıqlarda iştirakını müvəqqəti dayandırmışdır.