SİYASƏT
KOMİSSİYANIN İŞ PLANI MÜZAKİRƏ EDİLMİŞDİR
Milli Məclisin İnsan hüquqları daimi komissiyasının fevralın 4-dəki iclasında parlamentin 2002-ci ilin payız sessiyası dövründə qanunvericilik fəaliyyətinin yekunları və 2003-cü ilin yaz sessiyası üçün qanunvericilik işləri planı müzakirə edilmişdir.
Komissiya sədrinin müavini Rəbiyyət Aslanova AZƏRTAC-a bildirmişdir ki, ötən il bilavasitə komissiya tərəfindən hazırlanmış “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında”, “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisindən tranzit keçidi qaydaları haqqında Əsasnamənin təsdiqi barədə” qanun layihələri qəbul edilmişdir. Həmin dövrdə komissiya beynəlxalq təşkilatlar və xarici ölkə parlamentləri ilə sıx əlaqələr saxlamışdır.
Bu ilin yaz sessiyasında da komissiya fəal işləyəcəkdir. Sessiya müddətində ölkə Prezidenti, habelə Ali Məhkəmə, Naxçıvan MR Ali Məhkəməsi və digər orqanlar tərəfindən qanunvericilik təşəbbüsü ilə parlamentə göndəriləcək qanun layihələri, referendumun nəticələri ilə bağlı olaraq bir neçə qanunlara əlavə və dəyişikliklər, “İctimai yayım haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və reyestri haqqında”, “Elektron rəqəmli imza haqqında”, “Fövqəladə vəziyyət haqqında” qanun layihələri digər komissiyalarla birlikdə müzakirə edilərək parlamentin plenar iclasına təqdim olunacaq.