DÜNYA
KOMİSSİYA BASMAN BAZARININ UÇMASINDA TƏQSİRLİ OLANLARI TAPMADI
Komissiyanın yekun rəyində hadisənin konkret səbəbləri göstərilmir. Onun fikrincə, 30 il ərzində binadan düzgün istifadə edilməmişdir və həmin dövrdə daşıyıcı konstruksiyalar tədricən zəifləmişdir.
Bildirilir ki, hər il bazarın damına yığılan qar heç vaxt təmizlənmirdi, tıxanmış navalçalar isə qar və yağış sularının axmasına imkan vermirdi. Nəticədə su hidroizolyasiyanın deşiklərindən metal konstruksiyalara sızır və onlar korroziyaya uğrayırdı.
30 il ərzində bazar azı üç təşkilatın idarəçiliyində olmuş, ona təxminən 15 direktor rəhbərlik etmişdir. Bununla əlaqədar komissiya su sızmalarının nə vaxt və hansı müdirin dövründə başlandığını müəyyən edə bilməmişdir. Bundan başqa, bazarın antresollarında binanın layihəsində nəzərdə tutulmayan pavilyon-anbarların kimin göstərişi ilə tikildiyi də müəyyən olunmamışdır.
Xatırladaq ki, Moskva meriyası yanında xüsusi texniki komissiya fevralın 23-də Basman bazarının damı çökdükdən sonra yaradılmışdır. Bu faciə zamanı 66 adam həlak olmuşdur. Onların böyük əksəriyyəti həmvətənlərimiz idi.