İQTİSADİYYAT
KOMİSSİYA QANUN LAYİHƏSİNİ MİLLİ MƏCLİSİN MÜZAKİRƏSİNƏ VERMİŞDİR
Komissiyanın sədri Səttar Səfərov demişdir ki, Palatanın hesabatı parlamentə may ayının ortalarında təqdim olunsa da, Milli Məclis məzuniyyətə çıxdığı üçün müzakirə edilməmişdir.
Sonra Azərbaycan Respublikası Hesablama Palatasının sədri Namiq Nəsrullayev rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat vermiş, bəzi şirkət və təşkilatlarda yoxlamalar aparıldığını bildirmişdir.
Müzakirələr zamanı deputatlar hesabatın parlamentə həddən artıq gec təqdim olunduğunu, hesabatda palatanın auditorlarının apardıqları yoxlamaların nəticələrinin göstərilməməsini, deputat sorğusuna vaxtında cavab verilmədiyini xüsusi vurğulamış və palatanın fəaliyyətini ciddi tənqid etmişlər.
Milli Məclis sədrinin birinci müavini Arif Rəhimzadə məruzə ilə bağlı irad və təkliflərini, tövsiyələrini söyləmişdir.
İkinci məsələ ilə əlaqədar komissiyanın sədri bildirmişdir ki, “Yaşayış minimumu haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı səslənmiş rəy və təkliflərin böyük əksəriyyəti nəzərə alınmış və layihə üçüncü oxunuşa tam hazırdır.
Komissiya hər iki məsələni Milli Məclisin müzakirəsinə çıxarılmağı qərara almışdır.