KONSTİTUSİYA MƏHKƏMƏSİNDƏ 20 YANVAR ŞƏHİDLƏRİNİN XATİRƏSİ ANILMIŞDIR
AZƏRTAC xəbər verir ki, yanvarın 19-da Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində 20 Yanvar faciəsinin 17-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirilmişdir.
Şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla anıldığı mərasimdə bildirilmişdir ki, XX əsrdə insanlığa qarşı törədilmiş zorakılığın, işgəncələrin ən dəşhətli səhifələrindən biri olan 20 Yanvar qətliamı xalqımızın qan yaddaşına yazılmışdır. Keçmiş sovet dövləti 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə hərbi qoşun birləşmələrini Bakıya yeridərək beynəlxalq hüquq normalarını və SSRİ Konstitusiyasını pozaraq öz vətəndaşlarına qarşı misli görünməmiş qırğın törədərək insanların ən ali təbii hüququ olan yaşamaq hüququnu kütləvi şəkildə pozmuşdur. Milli, etnik, dini, cinsi mənsubiyyətindən, yaşından asılı olmayaraq dinc, əliyalın insanlar – qocalar, uşaqlar, gənclər və qadınlar vəhşicəsinə qətlə yetirilmişlər. Təkcə Bakı şəhərində 130-dan artıq mülki şəxs öldürülmüş, 600-dən çox adam yaralanmış, kütləvi dağıntılar törədilmişdir.
Tədbirdə xüsusi vurğulanmışdır ki, qanlı 20 Yanvar faciəsindən dərhal sonra həyatını təhlükə altında qoyan ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək xalqımızın haqq səsini dünyaya çatdırmış, keçmiş SSRİ rəhbərliyinin cinayətkar əməllərini ifşa etmişdir.
Qeyd olunmuşdur ki, 20 Yanvar faciəsinə ulu öndər Heydər Əliyev Azərbaycanda yenidən hakimiyyətə qayıtdıqdan sonra siyasi və hüquqi qiymət verilmiş, həmin qırğının azadlıq və müstəqillik uğrunda mübarizəyə qalxan xalqımıza divan tutmaq üçün törədildiyi bəyan edilmişdir.
Mərasimdə bildirilmişdir ki, ümummilli liderimiz Heydər Əliyevin xüsusi fərmanları və sərəncamları ilə 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün genişmiqyaslı tədbirlər həyata keçirilmiş, “20 Yanvar şəhidi” fəxri adı təsis olunmuş, ölkəmizin rəsmi təqviminə 20 Yanvar Ümumxalq hüzn günü kimi daxil edilmiş, Şəhidlər xiyabanında “Əbədi məşəl” abidə kompleksi ucaldılmış, şəhid ailələrinin və əlillərin sosial problemlərinin həlli ilə bağlı mühüm işlər görülmüşdür. Bu siyasət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Dövlətimizin başçısının Sərəncamı ilə bu ildən 20 Yanvar şəhidlərinin ailələrinə Prezident təqaüdü təyin edilmişdir.
Mərasimdə, həmçinin qeyd edilmişdir ki, xalqımız 20 Yanvar faciəsi qurbanlarının milli azadlıq mübarizəmizin tarixindəki qəhrəmanlığını heç vaxt unutmayacaq, qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, dövlətçiliyimizin möhkəmlənməsi naminə milli həmrəyliyi daha da möhkəmləndirəcəkdir.