İQTİSADİYYAT
KREDİT QOYULUŞLARININ TƏXMİNƏN 50 FAİZİ TİCARƏTƏ VƏ XİDMƏT SAHƏSİNƏ YÖNƏLDİLMİŞ, HABELƏ FİZİKİ ŞƏXSLƏRƏ VERİLMİŞDİR
Yanvarın 1-nə, vaxtı ötmüş kreditlər nəzərə alınmaqla, iqtisadiyyatın sahələrinə 2744, 1 milyard manat kredit qoyulmuşdur.
Milli Bankın mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, kredit qoyuluşlarının 20,6 faizi və ya 565, 8 milyard manatı ticarətə və xidmət sahələrinə yönəldilmişdir. Fiziki şəxslərə 754,2 milyard manat (27,5 faiz) kredit verilmişdir. Nəqliyyatın və rabitənin payına 335,4 milyard manat (12,2 faiz) kredit düşmüşdür.
Energetikaya və təbiəti mühafizə tədbirlərinə 204,3 milyard manat (7,4 faiz), tikinti və əmlak sahəsinə 176,2 milyard manat (5,5 faiz), dövlət idarəçiliyinə 176,2 milyard manat (6,4 faiz), kənd təsərrüfatına 199,4 milyard manat (7,3 faiz), yüngül və ağır sənayeyə 217,9 milyard manat (7,9 faiz) kredit ayrılmışdır. Kreditlərin 139,6 milyard manatı (5,1 faiz) digər sahələrə yönəldilmişdir.