MƏDƏNİYYƏT
KREMLDƏ TAHİR SALAHOVUN FƏRDİ SƏRGİSİ AÇILMIŞDIR
Aprelin 5-də RF Mədəniyyət Nazirliyinin, RF Prezidentinin İcra Aparatının və Ümumrusiya Azərbaycan Konqresinin köməyi ilə Kremldə, Rusiya Federasiyası Prezidentinin İcra Aparatının binasında Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, SSRİ, Azərbaycan və Rusiyanın xalq rəssamı, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı Tahir Salahovun fərdi sərgisi açılmışdır.
Tahir Salahovun əsərlərinin Moskva Kremlində sərgisi Rusiyanın mədəni həyatında önəmli hadisədir. Sərgi məşhur sənətkarın yaradıcılığının vüsəti ilə, onun virtuoz ustalığı və əsərlərində qaldırdığı problemlərin ümumbəşəri xarakteri ilə diqqəti cəlb edir. Salahovun əsərlərində onun üçün ən dərini, ülvi və əziz amallar parlaq təcəssümünü tapmışdır. Sərgidə görkəmli mədəniyyət xadimlərinin obrazları silsiləsindən Mstislav Rostropoviçin, Dmitri Şostakoviçin portretləri nümayiş etdirilir. Rəssamın doğmalarının – anasının və qızı Aydanın obrazları xüsusilə dərin təsir bağışlayır. Müəllif Rusiyaya, İtaliyaya və doğma Azərbaycana həsr etdiyi kompozisiyalarda, portretlərdə və mənzərələrdə bu yerlərin ab-havasını, insanların daxili aləmini dəqiqliyi ilə təsvir etmişdir.
Tahir Salahov sərginin açılışında çıxış edərək demişdir ki, bu sərginin təşkili onun həyatında və yaradıcılığında çox əlamətdar hadisədir. O vurğulamışdır ki, yaradıcı şəxsiyyətlər MDB çərçivəsində mədəniyyətlərin qarşılıqlı əlaqələri naminə əllərindən gələni edirlər.
Asya HACIZADƏ
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva