DÜNYA
KRIMDA MÜSƏLMAN MƏZARLIQLARI ABADLAŞDIRILIR
AZƏRTAC-ın Müstəqil İslam İnformasiya Agentliyindən aldığı xəbərə görə, Krımda müsəlman məzarlıqlarının abadlaşdırılmasına başlanmışdır. Tədbirin təşəbbüsçüsü Krım tatar Xalqının Məclisi və Krım Müsəlmanları İdarəsidir.
İyulun 10-dək davam edəcək tədbir zamanı yarımadanın bütün bölgələrində müsəlman məzarlıqlarının ərazisini yaşıllaşdırmaq, habelə abidələri və qəbir daşlarını bərpa etmək nəzərdə tutulmuşdur.
Məclisin mətbuat xidmətindən bildirmişlər ki, “müsəlmanlar qohumlarının, yaxınlarının və tanışlarının məzarlarını ziyarət etmək, qəbiristanların abadlaşdırılması işinə diqqətlə yanaşmaq ənənəsini nəsilbənəsil qoruyub saxlamışlar”.
Mətbuat xidmətinin məlumatına görə, tədbirə Krım tatarlarından olan sahibkarlar da qoşulmuşlar.
Bir neçə il əvvəl Ruhani İdarəsinin təşəbbüsü ilə müsəlman məzarlıqlarının abadlaşdırılması üçün Ümumkrım iməcliyi keçirilmişdi.