SİYASƏT


KRIMIN AZƏRBAYCANLI İCMASI ALİ RADAYA MÜRACİƏT ETMİŞDİR

Bakı, 3 iyun (AZƏRTAC). “Krımın Azərbaycan İcması” İctimai Birliyi Krım Muxtar Respublikasının Ali Radasına müraciət etmişdir. Müraciətdə hər il fevralın 26-nın Xocalı qurbanlarının anım günü elan edilməsi barədə təklif öz əksini tapmışdır.

İctimai Birliyin sədri Rəhim Hümbətov Diasporla İş üzrə Dövlət Komitəsinə bildirmişdir ki, Krım Muxtar Respublikasının Ali Radası 2005-ci il mayın 19-da “24 aprel”i erməni xalqının faciəsinin qurbanlarının xatirəsinin anım günü elan etmişdir və bu qərarı qəbul edərkən Krımın Konstitusiyasına əsaslanmışdır. O zaman Krımda yaşayan azərbaycanlılar da Xocalı qurbanlarının əbədiləşdirilməsi təklifi ilə Ali Radaya müraciət etmişdir. Lakin Ali Radanın sədri bu təklifə rədd cavabı vermişdir.

Soydaşlarımızın Ali Radaya göndərdiyi yeni sənəddə deyilir ki, qurumun azərbaycanlıların müraciətinə rədd cavabı verməsi anlaşılmazdır. Ali Rada bir millətin nümayəndələrinin müraciətini təmin edir, digərinə isə rədd cavabı verir. Bu cür yanaşma Ukrayna Konstitusiyasına ziddir və beynəlxalq sazişlərlə ölkənin üzərinə götürdüyü insanların, millətlərin bərabər hüquqluluğu prinsipini pozur. İlk müraciət göndərildikdən sonra aparılan araşdırma zamanı məlum olmuşdur ki, Krım parlamentinin qondarma “erməni soyqırımı” haqqında qərarı Ali Radanın daxili nizamnaməsinin kobud surətdə pozulması ilə qəbul olunmuşdur. Ali Rada bütün bunları nəzərə alaraq fevralın 26-nın Xocalı qurbanlarının xatirəsini anım günü elan etməlidir. Əks halda aprelin 24-ü ilə bağlı qərar ləğv olunmalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.