MƏDƏNİYYƏT
KULTUROLOJİ SEMİNAR KEÇİRİLƏCƏK
Martin 27-də “Azərbaycan” biznes mərkəzinin köməyi ilə burada “Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu şəraitində elm və texnologiyalar” mövzusunda respublika kulturoloji seminarı keçiriləcəkdir.
Seminarın proqramına AMEA-nın akademiki Maqsud Əliyevin “Azərbaycanda elm: ənənələr və müasirlik”, AMEA-nın müxbir üzvü, Azərbaycan Alimlər İttifaqının sədri, “Lütfizadənin irsi və süni intellekt” Beynəlxalq Assosiasiyasının prezidenti Rafiq Əliyevin “Süni İntellekt və kulturologiya problemləri” mövzusunda məruzələri daxil edilmişdir.
Tədbir çərçivəsində “Mədəniyyət və cəmiyyət: müasir Azərbaycan cəmiyyətinin inkişafında elmin və texnologiyanın yeri və rolu” mövzusunda “dəyirmi masa” keçirilməsi də nəzərdə tutulmuşdur.
Seminarda Vətəndaş Cəmiyyəti Mədəniyyəti Beynəlxalq Forumunun, Azərbaycan Kulturoloqlar Cəmiyyətinin və “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının üzvləri, alimlər, müəllimlər, yaradıcılıq və peşə ittifaqlarının, beynəlxalq təşkilatların və fondların, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edəcəklər.