CƏMİYYƏT
KUNA ilə AZƏRTAC arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Bakı, 4 iyul, AZƏRTAC
Küveytin rəsmi Küveyt Xəbərlər Agentliyi (KUNA) ilə AZƏRTAC arasında əməkdaşlığın perspektivləri müzakirə edilib.
Azərbaycanın Küveytdəki səfirliyindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycanın bu ölkədəki səfiri Emil Kərimov KUNA agentliyinin rəhbəri Fatimə Əl-Salim ilə görüşüb. Görüşdə iki dost ölkənin dövlət informasiya agentlikləri arasında daha sıx əlaqələrin zəruriliyi vurğulanıb. Söhbət əsnasında qeyd olunub ki, hələ 2009-cu ildə KUNA və AZƏRTAC arasında əməkdaşlıq haqqında saziş imzalanıb. Bu sənəddə qarşılıqlı informasiya dəstəyi, o cümlədən xəbər bülletenləri, kitablar və hər iki agentliyin fəaliyyətinə aid digər materialların paylaşılması nəzərdə tutulub.
Səfir E.Kərimov KUNA-nın rəhbərinə 100 ildən çox tarixi olan AZƏRTAC-ın fəaliyyəti, həmçinin ölkəmizdə media orqanlarına göstərilən diqqət və qayğı barədə ətraflı məlumat verib.
Fatimə Əl-Salim qeyd edib ki, onun rəhbərlik etdiyi informasiya agentliyi Azərbaycan haqqında operativ də dolğun informasiyaların Küveyt və ərəb ictimaiyyətinə çatdırılmasında maraqlıdır və bu baxımdan Azərbaycanın rəsmi informasiya agentliyi ilə əməkdaşlığa böyük əhəmiyyət verir. O əlavə edib ki, əlaqələri daha da gücləndirmək məqsədi ilə yeni layihələr və jurnalistlərin qarşılıqlı səfərləri həyata keçirilə bilər.
Sonda KUNA agentliyinin rəhbərinə Azərbaycanın tarixi və mədəniyyəti, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyəti haqqında kitablar hədiyyə edilib.