REGİONLAR
KÜRDƏMİRDƏ BU İL 35 MİN TONDAN ÇOX KARTOF İSTEHSAL OLUNMUŞDUR KÜRQIRAĞI KƏNDLƏRİN SAKİNLƏRİ İSƏ ƏKİNLƏRDƏN İLDƏ İKİ DƏFƏ MƏHSUL GÖTÜRÜRLƏR
Kürdəmir rayonunda son illər kartofçuluq sürətlə inkişaf edir. Təkcə bu il 1106 hektar sahədən 35 min 256 ton məhsul yığılmışdır. Bu, ötən ildəkindən 9 min 736 ton çoxdur. Hər hektarın məhsuldarlığı 320 sentnerə çatdırılmışdır. Bölgənin Kürqırağı kəndlərində qiymətli ərzaq məhsulu olan kartofçuluq daha sürətlə inkişaf etdirilir.
Rayon icra hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini Əşrəf Şükürov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, kartofçuluq sahəsində zəngin təcrübəyə malik olan Axtaçı və Şüşün kəndlərinin sakinləri yazda və payızda əkin sahələrindən iki dəfə məhsul əldə edirlər.
Kürdəmir fermerləri və özəl torpaq sahibləri gələn il kartof əkini sahələrini daha da artırmaq əzmindədirlər. Rayonda 3 min tondan çox toxumluq kartof tədarük olunmuşdur. Hazırda sahələrin əkinə hazırlıq işləri davam etdirilir, gələn ilin məhsulu üçün 1500 hektarda kartof əkiləcəyi gözlənilir.