SİYASƏT
KURT UELDON VƏ SOLOMON ORTİS: YÜKSƏK TƏHSİLLİ BİR NEÇƏ DİLDƏ DANIŞAN İLHAM ƏLİYEV UZAQGÖRƏN DÖVLƏT XADİMİDİR
ABŞ KONQRESMENLƏRİ BAKIDA KEÇİRDİKLƏRİ GÖRÜŞLƏRİ YÜKSƏK QİYMƏTLƏNDİRİRLƏR
Yeni yaranan Konqres - Milli Məclis birgə işçi qrupu Azərbaycana Amerika qanunvericilərinin səfərini təşkil etməyə, xalqlarımız arasında dialoq qurmağa, Xəzərin enerji layihələrinə dəstək verməyə və parlamentlərin üzvləri arasında fikir mübadiləsinə çalışacaqdır. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, bunu işçi qrupununun həmsədrləri – Pensilvaniya ştatının təmsilçisi, respublikaçı konqresmen Kurt Ueldon və Texas ştatından demokrat konqresmen Solomon Ortis bildirmişlər. ABŞ-Azərbaycan Ticarət Palatası tərəfindən Konqresdə təşkil edilən tədbirdə onlar Amerika işgüzar dairələrinin nümayəndələrinə ölkəmizə avqust ayındakı səfərləri barədə məlumat vermiş, Bakıda keçirdikləri görüşləri yüksək qiymətləndirmişlər. Onlar Baş nazir İlham Əliyev ilə görüşün xüsusi təəssürat doğurduğunu vurğulamışlar: “ Fikirlərini bu qədər aydın ifadə edən milli liderə rast gəlməmişdik. Yüksək təhsilli, bir neçə dildə danışan İlham Əliyev uzaqgörən dövlət xadimidir. O, ölkənin ən çətin problemləri barədə açıq danışır və bunları həll etmək qərarında qətidir”.
Konqresmen Ueldon demişdir ki, yeni yaranan işçi qrupu, bəzi erməni dairələrinin qələmə verdiyi kimi, anti-erməni məqsədi daşımır. İşçi qrupunun üzvləri Dağlıq Qarabağ münaqişəsinin tezliklə həlli üçün Ermənistan Prezidenti və yeni seçiləcək Azərbaycan Prezidenti arasında aparılacaq danışıqları dəstəkləyir. Bununla yanaşı, Kurt Ueldon vurğulamışdır ki, münaqişənin həlli yolları Azərbaycanın ərazi bütövlüyünü nəzərə almalıdır.
Tədbirdə çıxış edən Konqres üzvləri Amerika biznes dairələrinin nümayəndələrini Azərbaycana səfər etməyə çağırmışlar.