Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİNİN İNKİŞAFINA DÖVLƏT QAYĞISININ ARTIRILMASI SAHƏSİNDƏ ƏLAVƏ TƏDBİRLƏR HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Azərbaycan Respublikasında son illər söz, məlumat və fikir azadlığının bərqərar olması, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının gücləndirilməsi və sərbəst inkişafının təmin edilməsi sahəsində mühüm tədbirlər görülmüşdür. Bu məqsədlə beynəlxalq standartlara cavab verən qanunvericilik bazası yaradılmış, mətbuata dövlət qayğısını nümayiş etdirən qərarlar qəbul edilmiş, azad fikrə və siyasi plüralizmə əsaslanan ictimai-siyasi mühit formalaşmışdır.

Azərbaycanın kütləvi informasiya vasitələrinin sərbəst inkişafının təmin edilməsi, iqtisadi və siyasi asılılığının aradan qaldırılması, maddi-texniki və maliyyə bazasının daha da gücləndirilməsi məqsədi ilə qərara alıram:

1. Kütləvi informasiya vasitələrinin inkişafı üzrə layihələrin maliyyələşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondundan 3 milyard manat vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi:

- kütləvi informasiya vasitələrinin inkişafı üzrə biznes layihələrin hazırlanmasında kütləvi informasiya vasitələrinə zəruri kömək göstərilməsi üçün müvafiq tədbirlər görsün;

- bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Bu Sərəncam dərc olunduğu gündən qüvvəyə minir.

Heydər ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 sentyabr 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin