Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİ HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASI QANUNUNA DƏYİŞİKLİKLƏR VƏ ƏLAVƏLƏR EDİLMƏSİ BARƏDƏ” AZƏRBAYCAN RESPUBLİKASI QANUNUNUN TƏTBİQ EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

-qüvvədə olan qanunvericilik aktlarının “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

-Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

-öz səlahiyyətləri daxilində “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin ikinci və üçüncü hissələrində müəyyən edilmiş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

4. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 may 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin