DÜNYA
KXDR amerikalı hərbçilərin cəsədlərinin qalıqlarını ABŞ-a qaytarıb
Bakı, 27 iyul, AZƏRTAC
Koreya Xalq Demokratik Respublikası (KXDR) 1950-1953-cü illər Koreya müharibəsində ölən bir neçə amerikalı əsgərin cəsədlərinin qalıqlarını ABŞ-a qaytarıb.
AZƏRTAC xəbər verir ki, cəsəd qalıqları Şimali Koreyanın Vonsan şəhərindəki hava limanında ABŞ hərbi hava qüvvələrinin təyyarəsinə yüklənib. Təyyarə cəsəd qalıqlarını ABŞ-ın Cənubi Koreyadakı Osan hərbi bazasına gətirib. Bildirilir ki, qalıqlar avqustun 1-də Osan hərbi bazasında rəsmi mərasimlə ABŞ-a göndəriləcək.
Qaytarılan cəsəd qalıqlarının sayı barədə rəsmi məlumat olmasa da, Cənubi Koreya mətbuatı 55 cəsədin qalıqlarının qaytarıldığını yazır.
ABŞ Prezidenti Donald Tramp buna görə Şimali Koreya lideri Kim Çen Ina təşəkkürünü ifadə edib. O, özünün “Tvitter” hesabında “Bu, bir çox ailə üçün uzun illər sonra əlamətdar andır. Kim Çen In, sənə təşəkkür edirəm”, - deyə yazıb.
Qeyd edək ki, amerikalı hərbçilərin cəsədlərinin tapılması və qaytarılması məsələsi ABŞ və KXDR liderlərinin iyunda Sinqapur görüşündə əldə olunan razılaşmanın əsas məqamlarından biridir. ABŞ tərəfinin məlumatına əsasən, Koreya müharibəsində təxminən 5300 amerikalı itkin düşüb.