DÜNYA
KXDR demilitarizasiya zonasında 10 mühafizə postunu ləğv edib
Bakı, 20 noyabr, AZƏRTAC
KXDR noyabrın 20-də gərginliyin azaldılması və təsadüfi toqquşmaların qarşısının alınması məqsədilə Cənubi Koreya ilə sərhəddəki demilitarizasiya zonada yerləşən 10 gücləndirilmiş mühafizə postunu partladaraq ləğv edib. Postlardan biri isə turizm məqsədləri üçün saxlanılıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Koreya Respublikasının Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Xatırladaq ki, sentyabr ayında iki ölkənin müdafiə nazirləri koreyalararası sərhəddə hərbi gərginliyin azaldılması və qarşılıqlı etibarın möhkəmlənməsi istiqamətində saziş imzalayıb. Sazişdə tərəflərin birləşmiş təhlükəsizlik zonasında tam tərksilah olunması, sərhəd rayonunda hərbi texnika üçün qadağan olunmuş zonaların yaradılması, sərhədyanı rayonlarda iri hərbi manevrlərin və artilleriya təlimlərinin qadağan edilməsi nəzərdə tutulur.
Tərəflər, həmçinin demilitarizasiya zonasında 1950-1953-cü illərdə baş vermiş Koreya müharibəsi zamanı həlak olan hərbçilərin cəsədlərinin qalıqlarının axtarışlarının birgə həyata keçirilməsini də planlaşdırırlar.