DÜNYA
KXDR lideri Kim Çen In Pekinə səfərini başa vuraraq Pxenyana qayıdır
Bakı, 9 yanvar, AZƏRTAC
Koreya Əmək Partiyasının Sədri, Koreya Xalq Demokratik Respublikasının (KXDR) Dövlət Şurasının Sədri Kim Çen In Pekinə səfərini başa vuraraq ölkəsinə qayıdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb. Bildirilir ki, Kim Çen In yerli vaxtla saat 14:02-də Pekin dəmir yolu vağzalından KXDR-ə məxsus xüsusi qatarla ölkəsinə yola düşüb. Qatarın yanvarın 10-da Çin-KXDR sərhədini keçəcəyi güman olunur.
Qeyd edək ki, KXDR lideri Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi, Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti əsasında yanvarın 7-də qatarla Çinə gəlib. Onun Pekində keçirdiyi görüşlər barədə hələlik məlumat açıqlanmır. Amma yanvarın 8-də KXDR və Çin liderlərinin görüşündən sonra ziyafət təşkil edildiyi bildirilir. Ziyafət KXDR liderinin 35 yaşının qeyd olunduğu günə təsadüf edib.