CƏMİYYƏT
“Kabak Pub” ictimai iaşə müəssisəsində nöqsanlar aşkarlanıb
Bakı, 5 mart, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a bildirilib ki, daxil olan məlumat əsasında Bakının Sabunçu rayonunda Bakıxanov qəsəbəsi, Ruhulla Axundov küçəsi, ev 2 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Qəhrəmanova Samirə Bəxtiyar qızına məxsus “Kabak Pub” ictimai iaşə müəssisəsində yoxlama keçirilib.
Yoxlama zamanı ictimai iaşə müəssisəsində texniki normativ hüquqi aktların tələblərinə, sanitar-gigiyenik qaydalara əməl olunmadığı, xammalların müşayiətedici sənədlərinin olmadığı, dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı aşkarlanıb. Məhsullardan götürülmüş nümunələr müayinə üçün Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.
Eyni zamanda, müəssisədə məsul şəxs təyin olunmasına baxmayaraq, məsul şəxsə həvalə olunan tapşırıqların icrası ilə bağlı rəsmi qeydlərin aparılmadığı, “İctimai iaşə müəssisələrində yeni növ koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlərə riayət olunmadığı müəyyən edilib.
Aşkar edilmiş nöqsanlarla əlaqədar ictimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb, rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub. Araşdırmalar davam etdirilir.