SİYASƏT


Kabertat partizan hərəkatında mübarizə aparmış azərbaycanlıların xatirəsi yad edilib VİDEO

Veysak, 21 iyun, AZƏRTAC

Fransanın Veysak kəndi yaxınlığındakı meşədə alman faşistləri tərəfindən qətlə yetirilmiş və aralarında azərbaycanlılar da olmuş Kabertat partizan hərəkatı üzvlərinin xatirəsi anılıb.

AZƏRTAC xəbər verir ki, anım tədbirində Azərbaycanın Fransadakı səfirliyi, regionun rəhbərliyi, Veysak kəndinin, eləcə də qonşu şəhər və kəndlərin merləri, seçilmiş şəxslər, yerli sakinlər iştirak ediblər. Fransadakı səfirliyimizin siyasi işlər üzrə müşaviri Vaqif Ağayev ölkəmizi və səfirliyimizi anım tədbirində təmsil edib.

Tədbir Kabertat Partizan Hərəkatı üzvlərinin ruhuna dualar oxunması ilə başlayıb. Dini mərasimdən sonra, Kabertat partizanlarının sevimli mahnısı səsləndirilib. Anım tədbirinə qoşulan rəhbər şəxslər Kabertat Partizan Hərəkatı üzvlərinin xatirəsinə ucaldılmış abidə önünə əklillər qoyublar.

Kabertat Partizanlarının Dostları Assosiasiyasının prezidenti Mişel Pu (Michel Poux) tədbiri giriş sözü ilə açaraq, 1944-cü il iyunun 20-də alman faşistlərinin Kabertata partizanlarına hücumundan bəhs edib. Mülki insanlara qarşı törədilmiş faciələrdən danışıb.

Səfirliyin siyasi işlər üzrə müşaviri Vaqif Ağayev Azərbaycanın İkinci Dünya müharibəsində faşizm üzərində qələbəyə verdiyi töhfələrdən danışıb. Bildirib ki, faşizm üzərində qələbə digər bir çox xalqlar kimi Azərbaycan xalqının da qanı bahasına başa gəlib. 640 mindən çox azərbaycanlı müharibəyə gedib. Faşizm üzərində qələbədə Azərbaycan neftinin xüsusi rolu olub. Sovet təyyarələrinin yanacağının 90 faizini Bakı təmin edib.

Vurğulayıb ki, ulu öndər Heydər Əliyev İkinci Dünya müharibəsi veteranlarına xüsusi qayğı və diqqətlə yanaşıb. Onun siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva da bu gün həmin veteranlara qayğı və diqqəti davam etdirirlər.

Diqqətə çatdırıb ki, Azərbaycan xalqı onun torpaqlarını işğal etmiş erməni faşistlərinə qarşı mübarizə aparıb. Ötən il Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuzun sayəsində 30 illik işğala son qoyulub və torpaqlarımız azad edilib.

Tədbirdən sonra Azərbaycanla maraqlanan yerli sakinlərə ölkəmizin tarixi, müstəqilliyini bərpa etdiyi gündən üzləşdiyi erməni işğalı ilə bağlı məlumat verilib.

Yerli sakinlər Azərbaycan mədəniyyəti, mətbəxi ilə bağlı sualları cavablandırılıb. Veysaklılar Kabertat Partizan Hərəkatının üzvü olmuş Əhmədiyyə Cəbrayılov vasitəsilə ölkəmizə bağlılıqlarını ifadə etmiş və ölkəmizə səfər etmək arzularını səsləndiriblər.

Veysaklılar Azərbaycanın Fransadakı səfirliyinin hər il Kabertat partizanlarının anım mərasiminə qoşulmasını yüksək qiymətləndiriblər və səfirliyə minnətdarlıqlarını bildiriblər.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Veysak 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.