DÜNYA
Kabildəki partlayışda yaralananlar arasında İran səfiri də var
Bakı, 31 may, AZƏRTAC
Bu gün səhər Əfqanıstanın paytaxtı Kabildə diplomatik korpusun yerləşdiyi rayonda törədilmiş terror aktı nəticəsində xəsarət alanlar arasında İran səfiri də var.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, səfir Momammat Reda Bərhami yaralanıb, səfirlik binasına isə ciddi ziyan dəyib. Səfirliyin digər əməkdaşlarından zərər çəkən olmayıb. Həmçinin İran dövlət televiziyası və İRNA agentliyi nümayəndəliklərinin binasının da zədələndiyi bildirilir. İlkin məlumata görə, partlayış İranın Kabildəki səfirliyindən yüz metr aralıda baş verib.
Xatırladaq ki, partlayıcı qurğu bu gün səhər saatlarında prezident sarayının və xarici səfirliklərin yerləşdikləri binaların yaxınlığında işə salınıb. Polisin ilkin versiyasına əsasən, Almaniya səfirliyindən bir qədər aralıda minalanmış avtosistern partladılıb.
Son məlumata görə, partlayış nəticəsində ölənlərin sayı 90 nəfərə çatıb, 380 nəfər yaralanıb.
Zərər çəkənlər arasında xarici KİV nümayəndələrinin də olduğuna dair xəbərlər yayılır.
Hələlik terror aktının məsuliyyətini regionda fəaliyyət göstərən terror qruplaşmalarından heç biri üzərinə götürməyib.