İQTİSADİYYAT
Kağız daşıyıcısında aparılan sənəd dövriyyəsi əhəmiyyətli şəkildə azalıb
Bakı, 5 dekabr, AZƏRTAC
Vergiödəyicilərinin vaxt itkisinin qarşısının alınması, vergi orqanlarının iş həcminin azaldılması və kağız daşıyıcıda aparılan sənəd dövriyyəsinin azaldılması məqsədilə vergiödəyicilərinə xidmət mərkəzlərində müraciətlərin qəbulu zamanı rəqəmsal əl imzası tətbiq edilir.
AZƏRTAC Dövlət Vergi Xidmətinə (DVX) istinadla xəbər verir ki, bunun nəticəsində kağız daşıyıcısında qəbul olunan müraciətlərin 94-95 faizinin elektron formada tərtibi təmin olunub.
Eyni zamanda, DVX tərəfindən göstərilən xidmətlərdən vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə Xidmətin İnternet Vergi İdarəsində (e-portalda) gücləndirilmiş elektron imza ilə təsdiqlənmiş sənədlərin həqiqiliyinin yoxlanılması üçün müvafiq funksionallığın yaradılması, dövlət orqanlarının, bankların və digər qurumların elektron portallarında gücləndirilmiş elektron imza ilə təsdiqlənmiş etibarnamələrin həmin portallarda yoxlanılması, nəticədə ekranda əks olunmuş məlumatın və etibarnamənin elektron faylının Asan İmza qeydiyyat proqram təminatına (RA) daxil olunmasının təmin edilməsi istiqamətində işlər həyata keçirilir.
Qeyd olunub ki, bununla bağlı normativ baza hazırlanır.