ELM VƏ TƏHSİL
“Kainat və onun inkişaf mərhələləri” kitabı çapdan çıxıb
Bakı, 12 sentyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fəlsəfə İnstitutunun şöbə müdiri, fəlsəfə üzrə elmlər doktoru Adil Əsədovun “Kainat və onun inkişaf mərhələləri” kitabı çapdan çıxıb.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, nəşrin elmi redaktoru fəlsəfə üzrə elmlər doktoru, professor Zakir Məmmədəliyev, rəyçiləri - fəlsəfə üzrə elmlər doktoru Aydın Əlizadə, fəlsəfə üzrə elmlər doktoru, professor Tahirə Allahyarova və fizika-riyaziyyat üzrə elmlər doktoru, professor Şakir Nağıyevdir.
Əsərdə kainatın təşəkkülü və inkişafının fəlsəfi təqdimatı verilir. Həmin təqdimatda kainatın təkamülü mahiyyətin bu və ya digər dərəcədə adekvat ifadələrinin bir-birini əvəzləmə tarixi kimi verilir və bu təbiət tarixinin hər bir mərhələsi fəlsəfi rakursda diqqət mərkəzinə gətirilir.
Vəsait fəlsəfə və təbiət elmləri üzrə mütəxəssislər, ali məktəb tələbələri, müəllimlər, magistrantlar, doktorantlar və geniş oxucu kütləsi üçün nəzərdə tutulur.