CƏMİYYƏT


Kakao depressiyanın qarşısını alır

Bakı, 3 dekabr, AZƏRTAC 

Kakao paxlasından yağ aldıqdan sonra qalan jmıx üyüdülür və ondan kakao tozu əldə edilir.

Kakaoda teobromin maddəsi var ki, bu da ürək–damar və əsəb sisteminə oynadıcı təsir göstərir. Süd, qaymaq və başqa xammalların qatılması isə içkinin qidalılıq dəyərini artırır. Mütəxəssislərin fikrinə görə isə, soyuq fəsillərdə kakaonun istehlakı orqanizm üçün çox faydalıdır.

AZƏRTAC xəbər verir ki, İngiltərənin Redinq Universitetinin alimləri apardıqları araşdırmalar nəticəsində kakaonun bağırsaqlarda faydalı bakteriyaların çoxalmasını stimullaşdırdığı və iltihabı azaltdığı qənaətinə gəliblər. Nəticədə isə immun sistemi möhkəmlənir.

Lakin kakaonun orqanizmə olan faydası bununla bitmir. Belə ki, onun sinir sisteminə müsbət təsir etdiyi də bir daha sübut edilib. Kakaonun tərkibində olan maddələr, həmçinin neyronların bərpasını stimullaşdırır, onların arasında olan əlaqələri bərpa edir.

Soyuq fəsillərdə günün qısalması və soyuq hava orqanizm üçün güclü stress amilidir. Kakao isə depressiyanın qarşısını alır, əzələlərin sıxılmasını azaldır, əhvali-ruhiyyəni yüksəldir, yuxu rejimini stabilləşdirir.

Mütəxəssislərin fikrincə, kakaonu müntəzəm istehlak edən insanlarda şəkərli diabet və ürək xəstəlikləri riski 2 dəfə azalır. Kakaonun tərkibində olan flavonoidlər ürək hüceyrələrini bərpa edir, damarların elastikliyini artırır, qan dövranını normallaşdırır.

Onun tərkibindəki “epikatexin” maddəsi isə beyinin qan dövranını və yaddaşı yaxşılaşdırır. Bu içki insultun yaranma riskini azaldır, arterial təzyiqin stabil qalmasına kömək edir. Kakaonun istehlakı, eyni zamanda, qanda xolesterinin və şəkərin səviyyəsini tənzimləyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.