DÜNYA


Kaliforniya qubernatoru ölüm hökmünün icrasına moratorium qoymağa hazırlaşır

Bakı, 13 mart, AZƏRTAC

Kaliforniya qubernatoru Qevin Nyusom bu gün ştatda ölüm hökmünün icrasına moratorium elan etmək niyyətindədir.

AZƏRTAC “The New York Times” qəzetinə istinadla xəbər verir ki, Nyusom ölüm hökmü verilmiş şəxslərin edam cəzasının icrasının təxirə salınması barədə fərman imzalamağı planlaşdırır. Bundan əlavə, Kaliforniyanın San-Kventin burnundakı həbsxanada edam cəzası üçün kameralar bağlanacaq və ölümcül inyeksiyaların normaları ləğv olunacaq.

Bu addım mahiyyət etibarilə simvolik məna daşıyır, belə ki, 2006-cı ildən Kaliforniya ştatında edam baş vermir. Ölüm hökmləri davam edən məhkəmə çəkişmələri, o cümlədən öldürücü inyeksiyalar üçün istifadə edilən bəzi preparatların yolverilməzliyi səbəbindən icra olunmur.

Qəzetin məlumatına əsasən, hazırda Kaliforniyada ölüm hökmünü gözləyən 737 məhkum var.

Son illər ABŞ-ın bir çox ştatları öldürücü iynələr üçün hansı preparatlardan istifadə etmək barədə eksperimentlər aparırlar. Səbəblərdən biri bu məqsədlə istifadə olunan zəhərlərin çatışmazlığıdır. Həmin maddələrin istehsalı ilə məşğul olan Avropa ölkələri ölüm hökmünə qarşı çıxdıqları üçün onların ABŞ-a göndərilməsini dayandırıb.

“Death Penalty Information Center” (Ölüm hökmləri üzrə informasiya mərkəzi) qeyri-hökumət təşkilatının məlumatına görə, ABŞ-ın 30 ştatında ölüm cəzasına icazə verilir. Hazırda ABŞ-da 2738 nəfər edam cəzasının icrasını gözləyir. 1976-cı ildən cari il martın 12-dək isə Birləşmiş Ştatlarda 1493 nəfər edam olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.