DÜNYA


Kaliforniya qubernatoru uşaqlarda disleksiyanın erkən diaqnostikası üçün ştat büdcəsindən vəsait ayıracaq

Vaşinqton, 22 yanvar, AZƏRTAC

Kaliforniya ştatının yeni qubernatoru Gevin Nyusom balaca uşaqlarda disleksiya (ümumi təlim qabiliyyəti saxlanılmaqla oxuma və yazma vərdişlərinin qismən pozulması ilə müşayiət olunan nitq pozuntusu) hallarının olub-olmadığını yoxlamağı təklif edib.

AZƏRTAC xəbər verir ki, disleksiyaya qarşı ömrü boyu mübarizə aparan qubernatorun sözlərinə görə, bu ideya onun şəxsi missiyasıdır və keçirdiyi iztirabları əks etdirir.

Disleksiyaya qarşı mübarizə məsələləri ilə Uolt Disney, Stiven Spilberq, Tom Kruz və Albert Eynşteyin kimi məşhur şəxslər məşğul olublar. Nyusom beşinci sinifdə oxuyarkən onda disleksiya aşkar edilib. Məktəb illərində bütün fənlərdən geri qaldığına görə oxuduğu məktəbləri 5 dəfə dəyişməli olub. Lakin həkimlər bu diaqnozu qoyandan sonra Gevində özünə inam hissi yaranıb və o, nitq pozuntusu ilə mübarizə aparmağa başlayıb. Nyusom Santa-Klara Universitetini bitirib, uğurlu şərabçılıq və otelçilik biznesi yaradıb, iki dəfə San-Fransiskonun meri seçilib, Kaliforniya qubernatorunun müavini, 2018-ci ildə sonuncu aralıq seçkilərdən sonra isə bu ştatın 40-cı qubernatoru olub.

Qubernator Gevin Nyusom Kaliforniya qanunverici məclisindən aztəminatlı ailələrdə körpələrin və məktəbəqədər yaşlı uşaqların psixi inkişaf səviyyəsinin yoxlanması üçün dövlət büdcəsindən təqribən 100 milyon dollar vəsait ayrılmasını xahiş edib. Bu müraciət qubernator Nyusomun təklif etdiyi proqramlar paketinin yalnız bir hissəsidir. Aztəminatlı ailələrdən olan məktəbəqədər yaşlı uşaqların təhsilinə və onlara qulluq göstərilməsinə yönəlmiş həmin proqramlar paketinin ümumi dəyəri 1,8 milyard dollardır.

Yusif Babanlı

AZƏRTAC –ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.