MƏDƏNİYYƏT
Kaliforniya radiosunda Azərbaycan milli mətbəxindən danışılıb

Vaşinqton, 13 iyul, AZƏRTAC
İyulun 9-da “Nar və zəfəran: Azərbaycana kulinariya səyahəti” kitabının müəllifi Fəridə Buyuran “KCRW” radio kanalının məşhur aparıcısı Evan Kleymanın “Good Food” verilişinin qonağı olub. Musiqi, xəbər və mədəniyyət proqramları yayımlayan “KCRW” şirkəti Kaliforniya ştatının Santa Monika Şəhər Kolleci yanında Milli İctimai Radionun bir hissəsidir. Radiostansiyanın Cənubi Kaliforniyada hazırlanan proqramları bütün ölkəyə yayımlanır, hər həftə 550.000 dinləyicini əhatə edir. Məşhur baş aşpaz, müəllif və aparıcı Evan Kleymanın verilişi efirdə həftədə bir dəfə səslənir.
Fəridə Buyuranla müsahibə zamanı tarixi və mədəni kontekstdə Azərbaycan milli mətbəxinin zənginliyi, habelə milli mətbəxin formalaşması, regional mətbəx fərqləri, həmyerlimizin kitabındakı reseptlər müzakirə edilib. Müsahibəni aşağıda qeyd edilən linkdən dinləmək olar: www.kcrw.com/news-culture/shows/good-food.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton