DÜNYA
Kaliforniya ştatının rəhbərinin vəzifədən geri çağırılması prosesi fəllaşır
Vaşinqton, 13 fevral, AZƏRTAC
Kaliforniya ştatının qubernatoru Gevin Nyusomun populyarlıq reytinqi ən aşağı səviyyəyə düşüb.
AZƏRTAC xəbər verir ki, Nyusom fevralın 10-da mətbuat konfransında çıxış edərkən dəfələrlə “Nyusomu geri çağırmalı!” çağırışları ilə üzləşib.
Qubernator Fresno şəhərində keçirilən yarmarkaya COVID-19 pandemiyası barədə təzə xəbərləri çatdırmaq və vaksinin bölüşdürülməsi ilə bağlı yeni qaydaları müzakirə etmək üçün gəlmişdi. Onun çıxışı zamanı “Nyusomu geri çağırmalı! Nyusomu geri çağırmalı!” sədaları eşidilib.
Nyusom bu vəziyyətdə bərk əsəbiləşmiş olsa da, sanki həmin səsləri eşitmirmiş kimi jurnalistlərin Ridli kollecində yaradılacaq peyvəndləmə məntəqəsi barədə suallarına cavab verməkdə davam edib.
Demokrat qubernatorun başı üstünü qara buludlar alıb: Onun geri çağırılması barədə petisiyanı imzalayanların sayı 1,5 milyona yaxınlaşır. Bütün ştatda bu məsələyə dair səsvermə keçirilməsi üçün məhz bu qədər imza toplanmalıdır. Kampaniyanı təşkil edənlərin zəruri sayda imza toplamaq üçün martın 10-dək vaxtları var.
Nyusomun qubernator vəzifəsindən geri çağırılması təklifini həm respublikaçılar, həm də demokratlar dəstəkləyirlər. Buna əsas səbəb qubernatorun pandemiyaya hədsiz sərt münasibət bildirməsidir: ştatdakı bütün məktəblər və kiçik müəssisələrin çoxu bağlanıb, ştatın iqtisadiyyatı nəzərəçarpacaq dərəcədə zəifləyib.
Olduqca təlatümlü keçmiş 2020-ci ildən sonra qubernatorun populyarlığı xeyli azalıb. On minlərlə sakinin bu regiondan qaçması bildirilir.
Gevin Nyusomun qubernator vəzifəsindən geri çağırılması cəhdi 2020-ci il iyunun 10-da başlanıb. Bu məsələyə dair seçkilər keçirilməsi üçün 1.495.709 imza toplanmalıdır. Təklifin tərəfdarlarının martın 17-nə qədər vaxtı var. Əgər kifayət qədər imza toplanarsa, növbəti prosedur qaydalarına görə imzaların yoxlanması başa çatandan sonra 60-80 gün ərzində seçkilər keçiriləcək.
AZƏRTAC-ın Vaşinqton bürosu