CƏMİYYƏT


Kaliforniyada Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilib

Vaşinqton, 27 dekabr, AZƏRTAC

ABŞ-ın Kaliforniya ştatının San-Dieqo şəhərində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Kaliforniya Azərbaycan Dostluq Assosiasiyasının (CAFA) yaradılmasının bir illiyi münasibətilə tədbir keçirilib. Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun və CAFA-nın birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan icmasının üzvləri, yerli seçkili orqanların nümayəndələri, mədəniyyət xadimləri və jurnalistlər iştirak ediblər. Bu barədə AZƏRTAC-a Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan məlumat verilib.

Tədbirdə çıxış edən CAFA-nın icraçı direktoru Kimiya Məmmədova icma adından Azərbaycan xalqını və dünyada yaşayan 50 milyon azərbaycanlını Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edib. CAFA-nın bir illiyinin də qeyd edildiyini deyən K.Məmmədova ötən bir il ərzində təşkilatın uğurlu fəaliyyətinə toxunaraq, növbəti ildə Azərbaycan icmasını gücləndirmək və Azərbaycan ilə Kaliforniya arasında müxtəlif sahələrdə əlaqələri daha da möhkəmləndirmək istiqamətində işləri davam etdirəcəklərini bildirib.

Azərbaycan Los-Ancelesdəki baş konsulluğunun konsulu Orxan Rüstəmli bütün soydaşlarımızı qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edib, CAFA-ya gələcək fəaliyyətində uğurlar arzulayıb.

San Dieqo-Bakı Dostluq Assosiasiyasının icraçı direktoru Martin Kruminq və Los-Anceles Dinlərarası Şurasının sədri Yepiskop Xuan Karlos Mendez də çıxış edərək xalqımıza bu gözəl bayram münasibətilə təbriklərini çatdırıblar.

Həmçinin tədbirdə San-Dieqo şəhərində və vilayətində 31 dekabrın “Azərbaycanlıların Həmrəylik Günü” elan olunmasına dair müvafiq bəyannamələr təqdim olunub.

Tədbir Azərbaycan musiqisi və icmamızın üzvü Ləman Musayevanın ifasında rəqslərimizlə davam edib. Qonaqlar, həmçinin San-Dieqonun tanınmış azərbaycanlı kulinar-aşpazı Leyla Bayramovanın hazırladığı Azərbaycan mətbəxinin müxtəlif təamları ilə tanış olublar.

 

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.