MƏDƏNİYYƏT


Kaliforniyada Monterey-Lənkəran Dostluq Assosiasiyası yaradılıb

Bakı, 4 oktyabr, AZƏRTAC

Kaliforniyanın Monterey şəhərində Monterey-Lənkəran Dostluq Assosiasiyası yaradılıb. Assosiasiyanın icraçı direktoru Monterey Şəhər Şurasının sabiq üzvü Nensi Selfricdir. Təşkilatın İdarə Heyəti və Məşvərətçilər Şurasında Monterey şəhərinin tanınmış ictimai-siyasi, elm və mədəniyyət xadimləri təmsil olunurlar.

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan AZƏRTAC-a bildiriblər ki, assosiasiyanın məqsədi Monterey və Lənkəran şəhərləri arasında münasibətlərin müxtəlif layihələr vasitəsilə qarşıdakı illərdə daha da gücləndirilməsi və inkişaf etdirilməsidir.

Qeyd edək ki, Monterey və Lənkəran şəhərləri 2011-ci ildə qardaşlaşıblar. Ötən dövr ərzində iki şəhər arasında səfər mübadilələri, həmçinin Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun dəstəyi ilə Monterey şəhərində Azərbaycanın təbliği və Azərbaycan həqiqətlərinin şəhər ictimaiyyətinə çatdırılması istiqamətində siyasi, iqtisadi və mədəni xarakterli müxtəlif tədbirlər həyata keçirilib, şəhərdəki Azərbaycan dostlarının sayı artıb.

ABŞ-ın tərkibinə daxil edilənədək Kaliforniyanın XIX əsrin birinci yarısında paytaxtı olmuş, Sakit Okean sahilində yerləşən qədim Monterey şəhəri Kaliforniyada bir çox “ilk”lərin, o cümlədən ilk qəzetin, teatrın, çap evinin, kitabxananın və dövlət məktəbinin vətənidir. Hazırda 30 minə yaxın əhalisi olan və Kaliforniyanın ictimai, siyasi və mədəni həyatında önəmli rol oynayan şəhər xüsusilə hərbi dənizçilik və xarici dillərin tədrisi sahələrində ixtisaslaşmış mühüm təhsil ocaqları ilə də məşhurdur. Bunların sırasında ABŞ Müdafiə Nazirliyinin Xarici Dillər İnstitutunu və ABŞ Dəniz Donanmasına məxsus olan Ali Dənizçilik Məktəbini qeyd etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.