MƏDƏNİYYƏT
Kaliforniyada Novruz bayramının kulinar ənənələri təqdim olunub
Vaşinqton, 21 mart, AZƏRTAC
Cənubi Kaliforniyanın ən böyük beynəlxalq bazarlarından biri olan Tastin şəhərindəki “Ansar” qalereyasında Novruz bayramına həsr edilmiş xüsusi tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Kaliforniya ştatında ilk dəfə olaraq keçirilən tədbir buranın bazarında fəaliyyət göstərən “Deniz Bakery” mağazası və Orinc dairəsinin Azərbaycan-Amerika icması, xüsusilə azərbaycanlı müəllif, “Nar və zəfəran: Azərbaycana kulinariya səyahəti” kitabına görə mükafat almış Fəridə Buyuran və “Deniz Bakery”nin şef-qənnadıçısı İnci Ağayeva tərəfindən təşkil edilib.
Tədbir Azərbaycanın kulinar ənənələrinin “Deniz Bakery”nin müştəriləri arasında tanıdılması və həmin məmulatların mağazanın ərzaq çeşidlərinə daxil edilməsi məqsədini daşıyır. Qonaqlara çay, Novruz bayramının ənənəvi şirniyyatları və digər qənnadı məhsulları təklif olunub. Onlara Azərbaycan mədəniyyəti ilə tanış olmaq və müəllifin imzası ilə kitabın nüsxəsini əldə etmək məqsədi ilə Fəridə Buyuranın “Nar və zəfəran: Azərbaycana kulinariya səyahəti” nəşri də təqdim edilib.
Tədbir Azərbaycan-Amerika icması üzvlərinin və qonaqların iştirakı ilə rəqslərlə başa çatıb.
Xatırladaq ki, Fəridə Buyuran 2014-cü və 2015-ci illərdə nəşr olunan “Nar və zəfəran: Azərbaycana kulinariya səyahəti” kitabına görə mükafatlar qazanıb. Bu, Azərbaycan mətbəxi haqqında ingilis dilində ilk geniş nəşrdir. Kitabda Qərb ölkələri şəraitində hazırlanmağa uyğunlaşdırılmış qəlyanaltı və salatların, şorba, xəmir, ət və tərəvəz xörəklərinin, plov növlərinin, içki və desertin 200 resepti təklif olunur. Kitaba, həmçinin müəllif Fəridə Buyuranın tanınmış “azcookbook.com” bloqundan seçilmiş reseptlər daxil edilib. Bundan əlavə, Azərbaycan mədəniyyəti barədə hekayələr, bu ölkənin mətbəxi və qonaqlıq məclisləri ilə bağlı atalar sözləri kitaba bənzərsiz kolorit verir.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton