DÜNYA
Kaliforniyada meşə yanğınları nəticəsində mindən çox insan itkin düşüb
Bakı, 17 noyabr, AZƏRTAC
Kaliforniya ştatının şimalında tüğyan edən meşə yanğınları nəticəsində həlak olanların sayı 71 nəfərə çatıb, min nəfərdən çox insan isə itkin düşmüş sayılır.
AZƏRTAC xəbər verir ki, NBC News telekanalının yaydığı məlumata görə, hazırda “Kemp” adlı meşə yanğınları 59 min hektar əraziyə yayılıb. Alov 9 minə yaxın evi və tikilini məhv edib. Təbii fəlakətlə mübarizəyə 5,6 min yanğınsöndürən, 620 ədəd xüsusi texnika, 24 helikopter və 105 buldozer cəlb olunub.
Noyabrın 8-də Kaliforniyanın şimalında başlayan “Kemp” ən dağıdıcı və öldürücü yanğın kimi ştat tarixinə düşüb. Hazırda ştatın cənubunda “Woolsey” və “Hill” adlı daha iki yanğın qeydə alınıb.
ABŞ Prezidenti Donald Tramp ştatda böyük təbii fəlakət rejimi elan edib. Meşə yanğınlarından zərər çəkən ərazilərdən 300 minədək insan təxliyə olunub.
İndiyə qədər Kaliforniya tarixində ən dağıdıcı təbii yanğın ştatın şimalında, sahilə yaxın rayonlarda qeydə alınan “Tubbs” sayılırdı. 2017-ci ilin oktyabr ayında baş vermiş bu yanğın 15 min hektar əraziyə yayılmış, 5,5 min tikilini məhv etmişdi.