CƏMİYYƏT
Kaliforniyada ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş xeyriyyə aksiyası keçirilib
Bakı, 11 dekabr, AZƏRTAC
Dekabrın 10-da ABŞ-ın Kaliforniya ştatının ikinci böyük şəhəri San-Dieqoda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş geniş xeyriyyə aksiyası keçirilib.
Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan AZƏRTAC-a bildiriblər ki, aksiya çərçivəsində San-Dieqonun kimsəsiz və evsiz-eşiksiz sakinləri üçün süfrə açılıb, 1000-ə yaxın insana isti yeməklər paylanılıb.
Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun təşəbbüsü və dəstəyi ilə keçirilən tədbir Kaliforniyanın ən böyük xeyriyyə təşkilatlarından olan “Cou Ata Kimsəsizlər Sığınacağı”nda təşkil edilib.
Tədbirdən əvvəl “Cou Ata Kimsəsizlər Sığınacağı” xeyriyyə təşkilatının direktoru Paul DeLessio ilə görüş keçirilib. Görüşdə ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən danışılıb. Heydər Əliyevin xalqın təkidi ilə 1993-cü ildə hakimiyyətə qayıdaraq Azərbaycanı böyük bəlalardan xilas etdiyi, ölkəmizin müstəqilliyinin qorunmasında və daha da gücləndirilməsində əvəzsiz rol oynadığı vurğulanıb. Ulu Öndərin daxili və xarici siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, nəticədə Azərbaycanın dünyanın ən sürətlə çağdaşlaşan və inkişaf edən ölkələrindən birinə çevrildiyi diqqətə çatdırılıb.
“Cou Ata Kimsəsizlər Sığınacağı” xeyriyyə təşkilatının rəhbəri baş konsulluq tərəfindən təşkil edilən və Heydər Əliyevin xatirəsinə həsr olunmuş xeyriyyə aksiyasına ev sahibliyi etmələrindən məmnunluq duyduqlarını, bu aksiyanın San-Dieqoda yaşayan böyük sayda kimsəsiz və evsiz-eşiksiz insanların isti yeməklərlə təmin olunmasında böyük rol oynadığını vurğulayıb. Qeyd edilib ki, bu xeyriyyə tədbiri, eyni zamanda, Azərbaycan xalqının və dövlətinin humanizm prinsiplərinə nə qədər sadiq olmasının əyani göstəricilərindən biridir.
Qeyd edək ki, hazırda San-Dieqoda 8 mindən çox evsiz-eşiksiz insan yaşayır.