DÜNYA
Kaliforniyada yanğınların vurduğu zərər 9-13 milyard dollar həcmində qiymətləndirilir
Bakı, 19 noyabr, AZƏRTAC
Kaliforniyada “Kemp” və “Vulsey” meşə yanğınları 9-13 milyard dollar həcmində iqtisadi zərər vurub.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə qlobal risklərin modelləşdirilməsi üzrə kompaniyanın (RMS) məlumatında bildirilir. Kaliforniyanın şimalında tüğyan edən “Kemp” yanğını dövlətə 7,5-10 milyard dollara, ştatın cənubunu bürüyən “Vulsey” yanğını isə 1,5-3 milyard dollara başa gələ bilər. Bu qiymətləndirməyə mülkiyyətə və avtomobillərə vurulan zərər, təsərrüfat fəaliyyətinin dayanmasından dəyən ziyan və insanların yaşayışına çəkilən xərclər daxildir.
Kompaniyanın məlumatına əsasən, hazırda yanğınların ümumi sahəsi demək olar ki, 100 min hektara çatıb. Təbii fəlakət nəticəsində azı 80 nəfərə həlak olub, 1200-ə yaxın insan itkin düşüb, 300 mindən çox insan təxliyə edilib, təxminən 12 min bina isə yanaraq külə dönüb.
İndiyədək Kaliforniya tarixində ən dağıdıcı təbiət yanğını 2017-ci ilin oktyabr ayında ştatın şimalında, sahilə yaxın rayonlarda qeydə alınmış “Tubbs” sayılırdı. O vaxt 15 min hektar əraziyə yayılan “Tubbs” 5,5 min tikilini məhv etmişdi.