DÜNYA


Kaliforniyanın hakimiyyət orqanları məhbusların yanğınsöndürən kimi işləmələrinə imkan verəcəklər

Vaşinqton, 14 sentyabr, AZƏRTAC

Kaliforniya qubernatoru Gevin Nyusom yeni qanun imzalayıb. Bu qanuna əsasən, ştatın həbsxanalarında yanğınsöndürmə komandalarının üzvləri olan məhbuslar cəzalarını çəkdikdən sonra yanğınsöndürən kimi işləyə biləcəklər.

AZƏRTAC xəbər verir ki, yeni qanun Kaliforniya ştatı üçün ağır günlərdə - bəşəriyyət tarixində ən təhlükəli meşə yanğınlarına qarşı mübarizə aparıldığı bir vaxtda imzalanıb. Kaliforniya meşə təsərrüfatı və yanğındanmüdafiə departamentinin nümayəndələri bildiriblər ki, son həftələrdə baş vermiş onlarca yanğın nəticəsində təqribən 3,1 milyon akr torpaq yanaraq yararsız vəziyyətə düşüb.

“AB2147” nömrəli yeni qanuna əsasən keçmiş məhbusların yanğınsöndürən kimi daimi işlə məşğul olmalarına imkan verməyən məhdudiyyətlər aradan qaldırılır.

Qubernator Nyusom qanunu imzalayandan sonra deyib: “Bu qanun tarixi səhvi düzəldir və bizim ştatda meşə yanğınlarına qarşı mübarizəyə kömək etmiş minlərlə məhbusun töhfəsini etiraf edir. Bu qanun layihəsinin qəbul edilməsinə görə ştatın Qanunverici Məclisinə təşəkkürümü bildirmək istərdim”.

Xatırladaq ki, üç ştatı - Kaliforniya, Oreqon və Vaşinqton ştatlarını cənginə almış meşə yanğınları nəticəsində minlərlə ev yanıb, 20-dən çox insan həlak olub. Kaliforniyada yanğınların sahəsi 2018-ci il yanğınları zamanı qeydə alınmış rekord səviyyəni aşaraq 900 min hektara çatıb.

ABŞ-ın qərbində havanın temperaturu görünməmiş dərəcədə artıb. Ötən bazar günü Los-Ancelesdə hərarət 49,4 dərəcəyə çatıb. Bu, şəhərdə müşahidələr tarixində ən yüksək göstəricidir. Kaliforniyanın şimalında yanğınlar səbəbindən səma narıncı-qırmızı rəngə boyanıb.

AZƏRTAC-ın Vaşinqton bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.