DÜNYA
Kalqari sakinləri 2026-cı il Olimpiadasının bu şəhərdə keçirilməsini istəmir
Bakı, 14 noyabr, AZƏRTAC
Kanadanın Kalqari şəhərinin sakinləri referendumda 2026-cı il Qış Olimpiadasının bu şəhərdə keçirilməsinə qarşı çıxıblar.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, qeyri-rəsmi məlumata əsasən, səsvermədə iştirak edən 305 min nəfərin 56,4 faizi 2026-cı ildə Olimpiya və Paralimpiya oyunlarının Kalqari şəhərində keçirilməsinin əleyhinə səs verib.
Referendumun rəsmi nəticələri noyabrın 16-da elan olunacaq. Olimpiya Oyunlarının Kalqaridə keçirilməsinin əleyhdarları üstünlük təşkil etsə, bu məsələ şəhər şurasında təkrar müzakirəyə çıxarılacaq. Ərizənin Beynəlxalq Olimpiya Komitəsindən geri götürüləcəyi təqdirdə Alberta əyaləti Olimpiada üçün şəhərə vəd etdiyi 700 milyon Kanada dollarını ayırmayacaq.
2026-cı ildə keçiriləcək Qış Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün ərizə qəbulu 2017-ci il sentyabrın 16-da başa çatıb. Hazırda Kalqari Stokholm və Milanla birgə bu mötəbər idman tədbirini keçirməyə iddialıdır. Beynəlxalq Olimpiya Komitəsi qalib şəhərin adını 2019-cu il iyunun 23-də Lozannada keçiriləcək 134-cü sessiyasında elan edəcək.