İQTİSADİYYAT
Kamal Abbasov: Azərbaycan qlobal enerji təhlükəsizliyinə töhfə verən etibarlı tərəfdaşdır
Bakı, 14 yanvar, AZƏRTAC
Hindistan “Qlobal Cənubun Səsi” Zirvə görüşü çərçivəsində energetika nazirlərinin sessiyasına ev sahibliyi edib.
AZƏRTAC xəbər verir ki, “Enerji təhlükəsizliyi və inkişaf: Rifahın yol xəritəsi” adlı sessiyada Azərbaycanın energetika nazirinin müavini Kamal Abbasov iştirak edib.
Sessiyada çıxış edən nazir müavini bildirib ki, tarixin ən mürəkkəb enerji böhranının yaşandığı, enerji təhlükəsizliyi təminatının qlobal gündəliyin əsas məsələsinə çevrildiyi, enerji ixracı və idxalı ilə bağlı ölkələrarası münasibətlərin yeniləndiyi bu dövrdə Azərbaycan nəinki sabit enerji təchizatçısıdır, eyni zamanda, qlobal enerji təhlükəsizliyinə töhfələrini artıran etibarlı tərəfdaşdır.
“Bu gün Azərbaycan öz enerji müstəqilliyini möhkəmləndirməklə bərabər tərəfdaşlarının enerji balansını neft, təbii qaz və elektrik enerjisindən əlavə yaşıl mənbələrlə də şaxələndirəcək strateji addımlar atır,” – deyə K.Abbasov bildirib.
Qeyd edək ki, Hindistanın “Böyük İyirmilik” qrupuna (G20) sədrliyi çərçivəsində təşkil edilmiş ikigünlük “Qlobal Cənubun Səsi” virtual Zirvə görüşünə Baş nazir Narendra Modi tərəfindən start verilib. Sammit Asiya, Afrika və Cənubi Amerikanın inkişaf etməkdə olan ölkələrini “Səsin birliyi, məqsədin birliyi” şüarı altında bir araya gətirərək öz perspektivlərini və prioritetlərini ümumi platformada bölüşmək imkanı yaradıb.
Sammit çərçivəsində ölkə liderlərinin iştirakı ilə təşkil olunmuş açılış sessiyasında çıxış edən Baş nazir Narendra Modi ötən il dünyanın üzləşdiyi müharibə, iqlim dəyişikliyi ilə bağlı təbii fəlakətlər, COVID-19 pandemiyasının davamlı iqtisadi təsiri və digər problemlərlə yanaşı, yanacağın qiymətlərinin artmasına toxunub. O, həmçinin bildirib ki, dünya böhran vəziyyətindədir və bu qeyri-sabit vəziyyətin nə qədər davam edəcəyini proqnozlaşdırmaq çətindir.
Qeyd edək ki, “Qlobal Cənubun Səsi” Zirvə görüşü iki gün ərzində ümumilikdə 10 sessiyanı əhatə edib və 120-yə yaxın ölkədən nümayəndəni bir araya toplayıb.